“Azərbaycanın enerji sektorunun inkişafına dünyanın da ehtiyacı var”


“”8 Noyabr” elektrik stansiyası gücünə görə Azərbaycanın ən böyük elektrik stansiyası sayılır. “Mingəçevir” Su Elektrik Stansiyası əgər vaxtı ilə Sovet Azərbaycanının ən böyük enerji mənbəyi idisə, bu gün “8 Noyabr” müstəqil Azərbaycanın ən böyük enerji mənbəyi kimi fəxarətlə qeyd edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti ümumiyyətlə iqtisadi sektorun ən aparıcı sahəsinə çevrilib. Buna həm cəmiyyətin, həm də Azərbaycanın enerji sektorunun inkişafına dünyanın böyük ehtiyacı var: “Tək-tək ölkələr var ki, onlarda enerji sektorunun hərtərəfli şaxələndirilməsi və inkişaf etdirilməsi təkcə ölkənin milli tələbatı çərçivəsində nəzərdən keçirilir. Eyni zamanda enerji sektorunun inkişafı bəzi ölkələrin timsalında artıq qlobal, regional, dünya əhəmiyyətli prosesə çevrilir. Bu nöqteyi-nəzərdən Azərbaycan təqdirəlayiq bir nümunədir. Çünki Azərbaycanın enerji sektorunun hərtərəfli və şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi göz qabağındadır. Burada həm regional maraqlar nəzərə alınır, həm də Avrasiya boyunca enerji xətlərinin təkmilləşdirilməsi və onun ətrafında əməkdaşlıq şəbəkələrinin qurulması məsələsi var. Azərbaycan enerji sektorunun inkişafına həm ənənəvi enerji sahələrinin inkişafı, həm də alternativ enerji mənbələrinin yaradılması baxımından yanaşır. Azərbaycan bu iki istiqamət arasında az ölkəyə nəsib olan bir balans yarada bilib. Bu gün Azərbaycanın tam mənada enerji təhlükəsizliyini təmin etdiyinə heç kim şübhə edə bilməz.

İllər əvvəl “Mingəçevir” Su Elektrik Stansiyasında baş verən qəza bütün ölkədə müvəqqəti də olsa problem yaratmışdı. Bu da onun göstəricisi idi ki, enerji sektoru hələ də Sovet dövründən qalan sistemlərə müəyyən qədər bağlı idi. Amma “8 Noyabr” stansiyası işə düşdükdən sonra artıq tam təminatla demək olar ki, belə bir risk yoxdur. Çünki Azərbaycanın enerji sistemi indi həm daha müstəqildir, həm də daha təhlükəsizdir. Bu, artıq bir enerji təhlükəsizlik sistemidir. Burada da “8 Noyabr” elektrik stansiyasının xüsusi rolu var. O, müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin əsas təminatlarından biridir”.

Əlaqəli Xəbərlər