Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib.
S.Şərifov bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.