“Nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir”


“Son illərdə şəhər mərkəzlərində elektrikli skuterlərin sürətlə artması bir tərəfdən ekoloji cəhətdən qənaətcil və rahat nəqliyyat vasitəsi kimi qiymətləndirilsə də, digər tərəfdən artıq şəhər sakinlərinin və sürücülərin ciddi narahatlıq doğuran mövzularından birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, xüsusilə piyadalar və avtomobil sürücüləri tez-tez şikayət edirlər ki, skuter istifadəçiləri xüsusi ayrılmış skuter və velosiped yolları olsa belə, həmin yolları deyil, piyada səkilərini və ya avtomobil yollarını seçirlər. Bu isə həm təhlükəsizlik, həm də intizam baxımından ciddi problemlərə səbəb olur: “Ekspertlərə görə bu problemin bir neçə əsas səbəbi var. İlk olaraq qeyd edilməlidir ki, bir çox hallarda ayrılmış skuter və velosiped yolları ya qısa məsafəni əhatə edir, ya da bir marşrutu tam şəkildə bağlamır. Yəni bir skuter istifadəçisi bir neçə dəqiqə bu yolda hərəkət edə bilər, lakin sonra o yol qəfil kəsilir və istifadəçi məcburən səkidən və ya avtomobil yolundan istifadə etməyə məcbur qalır. Bu da şəhər planlamasında ciddi boşluqların olduğunu göstərir. Həmçinin bəzi skuter yolları fiziki cəhətdən yararsız vəziyyətdədir: yol örtüyü bərbad vəziyyətdədir, çuxurlar var, səth bərabər deyil və ya parklanmış avtomobillər həmin zolağı zəbt edib. Bu kimi hallar da istifadəçiləri alternativ və qeyri-qanuni yollarla hərəkət etməyə vadar edir.

İkinci bir məsələ sürücülük mədəniyyəti və qaydalara riayət etmə səviyyəsidir. Təəssüf ki, bir çox skuter istifadəçisi yol hərəkəti qaydaları haqqında minimal məlumatla hərəkət edir. Bu insanlar əsasən gənclər və turistlər olur və onlar sürət, adrenalin və qısa yolları seçməklə həm özlərini, həm də ətrafdakıları riskə atırlar. Onlar skuter yollarının nə üçün ayrıldığını, orada necə davranmalı olduqlarını bilmirlər və səkidə, piyadaların sıx olduğu ərazilərdə sürətlə hərəkət etməklə böyük təhlükə yaradırlar. Bu cür hallarda qəza ehtimalı artır, çünki nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir.

Üçüncü və çox vacib məsələ nəzarət və inzibati tədbirlərin zəifliyidir. Hazırda skuter istifadəçilərinin qaydalara əməl edib-etmədiyini nəzarətdə saxlayan xüsusi bir mexanizm və ya cəza sistemi demək olar ki, yoxdur. Nə yol polisi, nə də bələdiyyə qurumları bu nəqliyyat vasitələrinə kifayət qədər diqqət yetirir. Nəticədə skuter sürücüləri demək olar ki, tam nəzarətsiz şəkildə şəhərdə istədikləri kimi hərəkət edir, qayda pozuntularına görə məsuliyyət daşımırlar. Halbuki, şəhər içində hərəkət edən hər bir nəqliyyat vasitəsi – istər avtomobil, istər velosiped, istərsə də skuter – müəyyən qaydalara tabedir və ictimai təhlükəsizlik bu qaydalara əməl olunmasından keçir.

Vətəndaşlar hesab edirlər ki, bu problemin həlli üçün ilk növbədə skuter yollarının tam və fasiləsiz şəkildə layihələndirilməsi və fiziki olaraq istifadəyə yararlı vəziyyətə gətirilməsi vacibdir. Eyni zamanda maarifləndirmə işləri gücləndirilməli, skuter istifadəçilərinə yol hərəkəti qaydaları izah olunmalı və onların məsuliyyət daşıdığı xatırladılmalıdır. Bundan əlavə, hüquqi bazada müvafiq dəyişikliklər edilməli və bu nəqliyyat vasitələrinin istifadəsinə dair konkret tələblər müəyyən olunmalıdır. Yol polisi və bələdiyyə nəzarət mexanizmlərini gücləndirməli, qayda pozanlara qarşı xəbərdarlıq və cərimə tədbirləri tətbiq edilməlidir. Əks halda, skuter kimi rahat və müasir bir nəqliyyat vasitəsi şəhər mühitində təhlükəli bir bəlaya çevrilməkdə davam edəcək”.

Əlaqəli Xəbərlər