“Vergi yığımları bəzi ölkələrdə dövlət büdcəsinin maliyyə mənbəyi kimi çıxış edir”


“Vergilər gəlir əldə edən hər bir şəxsin dövlət büdcəsinə ödəməli olduğu əvəzsiz və icbari xarakter daşıyan ödənişdir. Dövlət büdcəsinin formalaşmasının əsas maliyyə mənbələrindən biri məhz vergilərdir. Dünya təcrübəsində vergi yığımları bir çox ölkələrin büdcəsinin əsas hissəsini təşkil edir və bəzi ölkələrdə dövlət büdcəsinin yeganə maliyyə mənbəyi kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında auditor Anar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası neft ixracatçısı olan ölkə kimi dövlət büdcəsinin formalaşmasında uzun müddət neft gəlirlərinə əsaslanmışdır: “Lakin dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma endirmək, əhalinin həyat səviyyəsini yüksəltmək və qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Bu istiqamətdə atılan addımlar nəticəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin və həmin gəlirlərə hesablanan vergilərin artması dövlət büdcəsinin daha dayanıqlı və şaxələnmiş maliyyə bazasına əsaslanmasına şərait yaradır.

Vergilər, hər hansı bir şəxsin həyatında birbaşa olaraq fərdi üstünlük təmin etməsə də, dolayısı ilə onun rifahına və cəmiyyətin ümumi inkişafına mühüm təsir göstərən maliyyə alətidir. Sosial sığorta haqları kimi müəyyən ödənişlər konkret sosial təminatlar yaradır. Məsələn, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları nəticəsində vətəndaş gələcəkdə pensiya alma hüququ qazanır. Eyni zamanda, bəzi sosial hadisələr — əmək qabiliyyətinin müvəqqəti itirilməsi, xəstəlik və ya ailə başçısının vəfatı hallarında da bu vəsaitlərdən istifadə olunur.

Bundan başqa, icbari tibbi sığorta haqları da əməkhaqqından tutulmaqla işçilərə tibbi xidmətlərdən istifadəyə şərait yaradır. Yəni, işçi sağlamlıq problemləri ilə üzləşdikdə həmin vəsaitlər hesabına tibbi yardımla təmin olunur”.

A. Bayramov qeyd edib ki, vergilər isə sosial sığorta və tibbi sığortadan fərqli olaraq vətəndaşa birbaşa fərdi şəkildə yönəlməsə də, dövlətin sosial funksiyalarını yerinə yetirməsi üçün əsas maliyyə mənbəyi hesab olunur: “Ölkədə yolların çəkilməsi, məktəblərin və xəstəxanaların inşası, mədəniyyət və incəsənət ocaqlarının fəaliyyəti, ümumiyyətlə, dövlətin fəaliyyət göstərməsi və vətəndaşlara xidmət göstərməsi üçün tələb olunan maliyyə məhz vergi daxilolmaları hesabına təmin edilir.

Azərbaycan Respublikasının sosial yönümlü dövlət olması bu sahədə vergilərin əhəmiyyətini bir qədər də artırır. Belə ki, dövlətin vətəndaşlara pulsuz təhsil, səhiyyə və digər sosial xidmətləri təqdim etməsi bilavasitə vergi yığımları ilə mümkün olur.

Dövlətin saxlanılması və onun institusional strukturlarının fəaliyyət göstərməsi üçün tələb olunan maliyyə vəsaitləri əsasən vergi daxilolmaları hesabına təmin olunur. Vətəndaş olaraq hər bir şəxs bu strukturların fəaliyyətindən dolayısı ilə deyil, birbaşa olaraq faydalanır. Belə ki, gündəlik həyatımızda istifadə etdiyimiz rahat yollar, ictimai nəqliyyat, təhsil müəssisələri, səhiyyə xidməti, mədəniyyət və idman obyektləri məhz dövlət büdcəsindən maliyyələşir və həmin büdcə əsasən vergi gəlirləri hesabına formalaşır.

Vətəndaş bu xidmətlərdən istifadə etməklə, əslində, vergi ödənişlərinin cəmiyyət miqyasında real və funksional nəticəsini görmüş olur. Mədəniyyətimizin qorunması, musiqimizin inkişafı, təhsilin əlçatan olması, səhiyyə xidmətlərinin təşkili və dövlətin bütün sosialyönümlü fəaliyyəti məhz vergilər hesabına mümkün olur”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər