“Azərbaycanda olmuşam, lakin bu vəzifədə ilk səfərim olacaq…”



Britaniyanın ticarət elçisi: Azərbaycanla ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialı var



SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays müsahibəsində iki ölkə arasında ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialının olduğunu vurğulayıb. O, xüsusilə nəqliyyat, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişlənə biləcəyini qeyd edib.

Con Alderdays bildirib ki, Britaniya və Azərbaycan enerji və faydalı qazıntıların hasilatı kimi sahələrdə artıq əməkdaşlığa başlayıb. Onun sözlərinə görə, bu sahələrdə infrastrukturun inkişafı da olduqca vacibdir: “Təkcə hasilat deyil, eyni zamanda, bu resursların daşınması üçün dəmir yolu və digər nəqliyyat infrastrukturlarına ehtiyac var”.

Elçi əlavə edib ki, təbii ehtiyatlar sahəsində əməkdaşlıq paralel olaraq ali təhsil və ekspertizanın inkişafını da stimullaşdırır: “Əvvəllər az olan universitetlərarası əməkdaşlıqlar bu gün daha da intensivləşir. Bundan çox məmnunam”.

O, səhiyyənin də tərəfdaşlıq üçün önəmli istiqamətlərdən biri olduğunu deyib. Tibb sahəsində təlimlər və xəstəxana infrastrukturunun inkişafı üzrə əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirən Con Alderdays, Britaniya mütəxəssislərinin təcrübələrinin paylaşılmasının və azərbaycanlı tələbələrin Böyük Britaniyada təhsil almasının iki ölkə arasında insan resurslarının inkişafına töhfə verəcəyini qeyd edib.

Ticarət elçisinin sözlərinə görə, belə tərəfdaşlıqların qurulmasında beynəlxalq platformaların da rolu mühümdür. O, Xəzər Siyasət Mərkəzi kimi qurumların müxtəlif ölkələrdən olan iştirakçıları bir araya gətirməklə uzunmüddətli biznes əlaqələrinin qurulmasına imkan yaratdığını vurğulayıb: “Belə tədbirlərin təkcə Londonda deyil, həm də Şotlandiya, Uels və Şimali İrlandiyada keçirilməsi vacibdir”.

Con Alderdays, həmçinin Azərbaycana yeni investisiyaların yatırılmasının planlaşdırıldığını bildirib: “Hazırda biznes fəaliyyəti göstərən şirkətlərə dəstək verməklə yanaşı, digər Britaniya şirkətlərinin də Azərbaycandakı imkanları tanıması üçün çalışıram. Çoxları hələ bu imkanlardan xəbərsizdir və bu məsələdə rolu öz üzərimə götürürəm”.

O, yaxın aylarda Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib: “Ölkənizdə olmuşam, lakin bu vəzifədə ilk səfərim olacaq. Həmçinin payız aylarında Qazaxıstana da səfər planlaşdırılır”.

Əlaqəli Xəbərlər