“Bu gün Azərbaycanda turizmin inkişafından bəhs edərkən ilk növbədə regionlarda fəaliyyət göstərən turizm komplekslərinin fəaliyyəti və həmin ərazilərdə turizmin inkişaf səviyyəsi nəzərə çarpır. Bununla yanaşı, ölkəyə, xüsusilə də digər şəhərlərə və paytaxta səfər edən turistlərin rahatlığı üçün fəaliyyət göstərən turizm obyektləri və mehmanxanalar da bu sahənin vacib tərkib hissəsini təşkil edir. Lakin bu gün regionlarda fəaliyyət göstərən turizm obyektləri ölkədə turizmin inkişafına real töhfə verməli, bu istiqamətdə xidmət göstərməlidirlər”. Bu sözləri SİA-ya açqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, turizmin inkişafı yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kurs və bölgələrin inkişafına yönəlmiş strategiyalar regionlarda turizmin inkişafına birbaşa təsir göstərməkdədir.
Dövlət tərəfindən həyata keçirilən layihələr, xüsusilə yol infrastrukturunun yenidən qurulması və onun beynəlxalq standartlara uyğun şəkildə modernləşdirilməsi, eləcə də regionlarda beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi, Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biridir. Son illərdə ölkənin müxtəlif bölgələrində üç böyük beynəlxalq hava limanının istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, bununla yanaşı, xüsusilə işğaldan azad olunmuş ərazilərdə təşkil edilən beynəlxalq səviyyəli tədbirlər və həmin tədbirlərə dəvət olunan yüksək səviyyəli xarici qonaqlar da Azərbaycanın turizm potensialının tanıdılması və təşviqi baxımından əhəmiyyətli rol oynayır: “Bu cür tədbirlər, əslində, ölkənin turizm imkanlarının geniş miqyasda təbliğ olunmasına və beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.
Ümumilikdə, bu proseslər turizmin klassik vasitələrlə reklam olunması, ölkənin turizm reytinginin yüksəldilməsi və potensial turistlərin marağının artırılması baxımından vacib mexanizmlərdən biridir. Xarici qonaqların bu istiqamətdəki səfərləri və onların beynəlxalq mediada əks olunması, həm də həmin turizm obyektlərinin və infrastrukturlarının tanınmasına zəmin yaradır.
Bu da, şübhəsiz, Azərbaycan üçün mühüm bir tanıtım vasitəsidir. Hesab edirəm ki, bu gün turizmin inkişafını hədəfləyiriksə, bu sahənin yalnız öz daxilində deyil, onunla vəhdət təşkil edən bütün əlaqəli sektorların fəaliyyətinə kompleks və diqqətli yanaşmaq zəruridir. Yalnız bu halda davamlı və dayanıqlı turizm inkişafı mümkün olar.
Eyni zamanda, ölkəyə səfər edən xarici turistlərlə yanaşı, regionlara üz tutan yerli turistlərə də fərdi yanaşmanın tətbiq olunması vacibdir. Bu, xidmət səviyyəsinin artırılması, turist məmnuniyyətinin təmin olunması və nəticə etibarilə ölkənin turizm müştəri portfelinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fərdi yanaşma və xidmət keyfiyyətinə diqqət, Azərbaycanın rəqabətqabiliyyətli və cəlbedici turizm məkanı kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək”- deyə ekspert əlavə edib.