OPEC+ gündəlik neft hasilatını yarım milyon barel artıracaq


OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı avqust ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmaq barədə razılığa gəlib.

SİA xəbər verir ki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları və bazarın möhkəm əsasları, o cümlədən neft ehtiyatlarının aşağı səviyyəsi ilə əsaslandırıb.

Hasilat artımı OPEC+ alyansının səkkiz üzvü – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan, Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək.

Razılaşdırılmış həcmdə artım əvvəlki aylara nisbətən hasilatın sürətlənməsini göstərir. Təşkilat artıq may, iyun və iyul aylarında hasilatı əvvəlcədən planlaşdırılandan daha çox – hər ay üçün gündəlik 411 min barel artırmışdı. Bu artım neft qiymətlərində azalma tendensiyasına baxmayaraq, həyata keçirilmişdi. Ekspertlərin rəyinə görə, bu addım bazar payını geri qazanmaq və ABŞ Prezidenti Donald Trampın benzin qiymətlərinin aşağı salınması tələbinə cavab kimi dəyərləndirilə bilər.

Hazırda OPEC+ dünya üzrə istehsal olunan neftin təxminən yarısını təmin edir.

Əlaqəli Xəbərlər