Ağdərə və Xocalıda, ümumilikdə, 16 kənddə sürətli tikinti-bərpa işləri görülür


Bu ilin köç planına uyğun olaraq, Ağdərə və Xocalı rayonlarının, ümumilikdə, 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir. SİA xəbər verir ki, bunu diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirəsinin Xankəndi şəhərində keçirilən xüsusi sessiyasındakı çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

O bildirib ki, 2025-ci ilin köç planına əsasən, Xocalıda Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd, Ağdərədə isə Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ kəndlərində təmir-bərpa işləri aparılır. Tikinti işləri başa çatdıqdan sonra hər iki rayonun kəndlərinə mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək.

Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır.

S.Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.

Əlaqəli Xəbərlər