Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb


Çindən Orta Dəhliz vasitəsilə iyulun 9-da Avropaya yeni yük qatarı marşrutu açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çinin qərbindəki ən iri 2 şəhəri olan Çendu və Çonçindən yükləri götürən ultraekspres blok qatarı Sincan Uyğur Muxtar Rayonundakı Horqos terminalından Qazaxıstana keçəcək. Kommunikasiya avadanlığı, avtomobil hissələri və digər mallar yüklənmiş qatar Orta Dəhlizlə yolunu davam edərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək yükləri Avropa ölkələrinə çatdıracaq.

Qeyd edək ki, bu, son 10 gün ərzində Çindən Orta Dəhliz vasitəsilə Avropaya açılan 2-ci yük qatarı marşrutudur. İyunun 30-da paytaxt Pekindən Avropaya ilk yük qatarı yola salınıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə hərəkət edən qatarın yola düşəndən 15 gün sonra Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri Bakıya 30 gün daha tez çatdıracaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.

Əlaqəli Xəbərlər