…Rusiya iqtisadiyyatı böhrana girməkdə davam edir: 2025-ci ilin ilk altı ayı üçün ölkənin federal büdcə kəsiri 3,69 trilyon rus rubluna və ya demək olar ki, 47 milyard dollara çatıb. Bu, ÜDM-in 1,7 faizini təşkil edir.
SİA-nın məlumatına görə, Reuters Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, altı ayda Rusiya iqtisadiyyatı əvvəllər ÜDM-in eyni 1,7 faizi olacağı proqnozlaşdırılan illik büdcə kəsiri həddinə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə kəsir ÜDM-in cəmi 0,3 faizi, bu ilin ilk 5 ayı ərzində isə ÜDM-in 1,5 faizi səviyyəsində olub.
Əslində, kəsirin indiki artım tempi göstərir ki, 2025-ci ilin sonuna qədər Rusiya planlaşdırılan rəqəmləri bir neçə dəfə üstələyə bilər.
Xərclər nəzərəçarpacaq dərəcədə artır, gəlirlər azalır…
Büdcə boşluğunun sürətlə artmasının əsas səbəbi iqtisadi durğunluq fonunda xərclərin kəskin artmasıdır. Altı ay ərzində büdcə xərcləri 20,2 faiz, gəlirləri isə cəmi 2,8 faiz artıb.
Enerji satışından əldə edilən gəlirlərin azalması xüsusilə güclü olub – 2024-cü ilin birinci yarısı ilə müqayisədə 17 faiz.
Neft və qaz ənənəvi olaraq Rusiya büdcəsinin əsas gəlir mənbəyi olaraq qalır və dünya bazarında onların qiymətinin aşağı düşməsi Ukraynaya qarşı müharibə aparan ölkənin iqtisadiyyatına ağrılı zərbədir.
Hələ aprel ayında Rusiya Maliyyə Nazirliyi bütün 2025-ci il üçün büdcə kəsiri proqnozunu ÜDM-in 0,5 faizdən 1,7 faizə qaldırmağa, eyni zamanda gözlənilən neft və qaz gəlirlərini dörddə bir azaltmağa məcbur oldu.
Nazirlik daha sonra qeyd edib ki, bu qərara səbəb enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasının uzun müddət davam etməsi və onların daha da aşağı düşməsi riski olub.
Əli Babayev