Bu gün dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər. SİA xəbər verir ki, səfərin ilk günündə Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ardınca onlar işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda, azad edilən Füzulidə dövlətimizin apardığı tikinti-quruculuq işlərinin şahidi olublar.
15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Beynəlxalq səyahətçilər son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.