Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Caspian Energy Club”a üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
Elnur Səfərli “DOST Müfəttiş” layihəsinin məqsədləri, əhatə dairəsi və bu təşəbbüsün əmək bazarında şəffaflığın təmin olunmasında oynadığı roldan bəhs edib. Layihənin işəgötürənlər üçün maarifləndirici və dəstək xarakteri daşıdığını, eyni zamanda, əmək qanunvericiliyinə əməl olunmasına töhfə verdiyi vurğulanıb.
Nərmin Mirzəyeva layihənin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünüqiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.
Telman Əliyev belə görüşlərin özəl sektor üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə də dövlət və özəl sektor arasında əməkdaşlıqların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra layihə barədə işəgötürənlərə ətraflı təqdimat edilib, onun məqsədləri, fəaliyyət istiqamətləri və müəssisələr üçün yaratdığı imkanlar izah olunub.
Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb və əmək qanunvericiliyi ilə bağlı praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüş dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.