“Hər cinsin özünəməxsus risk faktorları var”


“Psixi pozuntusu olan şəxslərin əksəriyyəti kişilərdir? Bu sualın cavabı sadə “bəli” və ya “xeyr” ilə verilə bilməz, çünki psixi pozuntuların növünə, diaqnoz meyarlarına, cinsiyyət fərqlərinə və sosial-mədəni təsirlərə görə dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Əvvəlcə qeyd etmək lazımdır ki, psixi pozuntular həm qadınlarda, həm də kişilərdə rast gəlinir, lakin onların yayılma forması və özünü göstərmə tərzi fərqli ola bilər. Məsələn: Depressiya və Anksiyete pozuntulari qadınlarda kişilərə nisbətən daha çox diaqnoz olunur. Bu, həm bioloji faktorlarla (hormonal dəyişikliklər, psixososial yük), həm də qadınların psixoloji dəstək axtarmağa daha açıq olması ilə bağlıdır.

Antisosial şəxsiyyət pozuntusu, narkotik və alkoqol asılılığı, impulsiv davranış pozuntuları isə kişilər arasında daha çox görülür. Şizofreniya kimi ciddi psixi pozuntular isə ümumilikdə cinsiyyətlər arasında bənzər yayılma göstəricilərinə malik olsa da, kişilərdə erkən yaşda və daha ağır gedişlə özünü göstərə bilər.

Məlumatlara görə, qadınlar daha çox daxilə yönəlmiş psixi pozuntularla (depressiya, anksiyete), kişilər isə daha çox xaricə yönəlmiş pozuntularla (aqressiya, asılılıqlar, davranış pozuntuları) qarşılaşırlar. Bu da onların müalicəyə müraciət etmə yollarını və diaqnoz statistikalarını fərqləndirir.

Kişilər, xüsusilə də ənənəvi gender rollarının güclü olduğu cəmiyyətlərdə, emosional zəiflik göstərməkdən çəkinirlər. Bu, onların psixoloji yardım axtarma ehtimalını azaldır və nəticədə rəsmi statistikada az yer almalarına səbəb olur. Yəni, reallıqda daha çox kişi psixi çətinliklər yaşayır, amma yardım axtarmadıqları üçün bu rəqəmlərə tam əks olunmur.

Nəticə olaraq, “psixi pozuntular daha çox kişilərdə olurmu?” sualına yalnız pozuntunun növünü, sosial və bioloji faktoru nəzərə alaraq cavab vermək mümkündür. Bu məsələ kompleksdir və hər cinsin özünəməxsus risk faktorları var”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər