İsveçin miqrasiya naziri Yohan Forsselin yaxın qohumunun ifrat sağçı qruplarla əlaqələrinin üzə çıxması ilə əlaqədar qalmaqal baş verib. SİA xəbər verir ki, Sol Partiya Forsseldən parlament qarşısında məsələ ilə bağlı izahat verməsini tələb edib. Deputat Toni Haddu bildirib ki, nazirdən tam şəffaflıq tələb olunur.
“Expo” nəşrinin apardığı araşdırma göstərib ki, nazirin qohumu ifrat sağçı dairələrlə əlaqəli bir neçə hesab idarə edib və həmin hesabların birinə şəxsən Forssel də abunə olub.
“Expo” sualları nazirin qərargahına ünvanladıqdan sonra hesablar silinib, məxfilik parametrləri dəyişdirilib.
Forssel bildirib ki, məlumat dərc olunandan bir həftə əvvəl bu barədə məlumat alıb, dərhal Təhlükəsizlik xidmətinə xəbər verib və təhlükəsizlik protokoluna uyğun tədbirlər görüb. O, hər cür siyasi ekstremizmi qətiyyətlə pislədiyini vurğulayıb.
Parlament sentyabra qədər tətildədir, buna görə də nazirin dindirilməsi yalnız növbəti iclas zamanı mümkün olacaq. Eyni zamanda Sol Partiya məsələ ilə bağlı Konstitusiya Komitəsinə rəsmi şikayət təqdim etməyi də istisna etmir.
Toni Haddu qeyd edib ki, burada təkcə təhlükəsizlik yox, həm də hakimiyyətə inam məsələsi var: “Əgər başqalarını bu qədər sərt tənqid edirsinizsə, özünüzə ikili standart tətbiq edə bilməzsiniz. Bu, inamı tamamilə sarsıdır”, – deyə deputat vurğulayıb.