…Turoperatorlar ağır siyasi vəziyyətə baxmayaraq, Azərbaycana səfərlərin kütləvi şəkildə ləğvini qeydə almırlar. Mütəxəssislər tələbin azaldığını qeyd edirlər, lakin əvvəllər bron edilmiş turlar qüvvədə qalır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, turların kütləvi ləğvi yoxdur.
Turoperatorların bildirdiyinə görə, artıq səyahət paketləri almış Belqorod sakinləri planlaşdırdıqları kimi tətilə gedirlər. Bununla belə, yeni sifarişlər getdikcə azalıb – turistlər vəziyyətin sabitləşməsini və rəsmi mənbələrdən aydın tövsiyələr gözləyirlər.
Azərbaycan ənənəvi olaraq Belqorod sakinlərini sərfəli qiymətləri, zəngin ekskursiya proqramı və dil maneəsinin olmaması ilə cəlb edir.
Ən məşhurları qədim və müasir memarlığın qarışığı olan Bakı, Şəki və Gəncə şəhərləridir. Eyni zamanda, çimərlik və xizək tətilləri turistləri daha az maraqlandırır.
…Bel.ru yazır ki, son illərdə tematik turlara – məsələn, Formula 1 yarışlarına və ya musiqi festivallarına tələbat artıb. Mütəxəssislər Azərbaycana səfər etməyi planlaşdıran turistlərə ehtiyatlı olmağı tövsiyə edir: tibbi sığorta edin, gecələr təcrid olunmuş yerlərdən qaçın və mümkünsə təşkil olunmuş turları seçin…
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə giriş qadağası olmasa da, mövcud vəziyyət daha çox sayıqlıq tələb edir. Yaxın gələcəkdə bu istiqamətə tələbat ölkələr arasında siyasi əlaqələrin inkişafından asılı olacaq.
Nazlı Almuradova