Azərbaycan və Qazaxıstanın hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan – 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.
SİA-xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Təlimdə taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkarlanmış hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.
Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda “Tərlan-2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstanın hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.