Bu ilin I yarısında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 337 min 321 ədəd bilet satılıb. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
Ötən ilin yanvar-iyun aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,1 %-ə çatıb.
“biletim.az” portalında 51 şəhər və rayona, 82istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.