Azərbaycanda I yarımildə vergi orqanlarına 229 minə yaxın müraciət daxil olub


Bu ilin I yarısında Azərbaycanda vergi orqanlarına 228 622 müraciət daxil olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daxil olmuş müraciətlərdən 95,3 %-i ərizə, 4,6 %-i şikayət, 0,1 5-i təklif olub. Müraciətlərdən 94,8 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 5,2 %-i isə hazırda icradadır.

Baxılması başa çatdırılmış müraciətlərin 52,4 %-i həll olunub, 45,9 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll edilmiş 3 241 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.

Yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 414 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Əlaqəli Xəbərlər