Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub


İyulun 10-da 573 miqrant kiçik qayıqlarla La-Manş boğazını keçərək Britaniyaya qanunsuz yollarla daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 10-dan çox qayığın hər birində orta hesabla 57 nəfər olub. Bununla da 2025-ci ildə Britaniyaya qeyri-qanuni yollarla gələn ümumi miqrant sayı 21 min 690 nəfərə çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz, 2023-cü ilin bu mərhələsi ilə müqayisədə isə 65 faiz artım deməkdir.

Qeyri-qanuni keçidlər Britaniya Baş naziri Kir Starmer və Fransa Prezident Emmanuel Makron arasında Londonda miqrasiya ilə bağlı yeni razılaşmanın əldə olunduğu gün baş verib.

Razılaşmaya əsasən, La-Manşı kiçik qayıqlarla keçən miqrantlar dərhal Fransaya geri göndəriləcək. Eyni zamanda, Britaniya da Fransadan eyni sayda miqrantı qəbul edəcək. Lakin bu şəxslər Böyük Britaniyada ailə üzvləri olan və ya ölkə ilə möhkəm əlaqələri olan şəxslər arasından seçiləcək.

Daxili İşlər Nazirliyi dəqiq rəqəm açıqlamasa da, pilot layihənin genişləndikcə daha çox insanı əhatə edəcəyini gözlədiklərini bildirib.

Əlaqəli Xəbərlər