Kilsədən doğum nisbətini artırmaq üçün sadə bir üsul..?





Deyirsiniz yəni ayının min oyunu bir armudun başındadır..?



…Hə, gərək ki, bunu o gün deyəcəkdim, amma, ola bilər yadımdan çıxarmışam…

Deməli, bir neçə gün bundan əvvəl ruslar “Ailə, sevgi və sədaqət günü” adlı xudmani bir toplantı keçiriblər.

SİA-nın məlumatına görə, toplantıda Ryazan Metropoliti çıxış edərək, ailə dəyərlərinin qorunması və ölkədə demoqrafik vəziyyət mövzusuna toxunub.

Deyim ki, Siz də inanın, deməli, ayının min oyunu bir armudun başındadır. Yəni ruslar neçə vaxtdır ki, nəsil artırmaq üçün min hoqqadan çıxırlar və hələ ki… dartıb-dartıb bir yerə çıxara bilməyiblər.

Amma, deyəsən Rus Pravoslav Kilsəsi doğum nisbətini artırmaq üçün sadə bir üsul tapıb.

Mən demişdim axı…

…Yenə deməli, Ryazan yeparxiyasının rəhbəri çıxışına əvvəl bədbin başlayaraq qeyd edib ki, müasir şəraitdə ailə institutu böhran və əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzədir.

O, vurğulayıb ki, müqəddəs Peter və Fevroniya nümunəsi əsrlər keçsə də, aktual olaraq qalır – onların həyatı xristianlığın sədaqət, məhəbbət və fədakarlıq ideallarını əks etdirir.

Keşişin fikrincə, yalnız nikahın bu cür mənəvi əsaslarına qayıdış ruslara demoqrafik çətinlikləri, o cümlədən doğum nisbətinin azalmasını dəf etməyə imkan verə və bu Rusiyanın dirçəlişinin açarı ola bilər.

…Görəsən buna görə, keşişə, bizdəki kimi “halal olsun” demək olar? Axı, tapıntı, doğrudan da gözəl tapıntıdır. Mən deyərdim ki, lap təqdir olunmalıdır…

Keşiş, həmçinin nikaha daxil olan gəncləri ailə həyatını məsuliyyət və xristian qanunlarına sadiqlik ilə dolu bir yol kimi qəbul etməyə də çağırış edib.

…Keşiş demişkən, deyəsən, halal keşişə oxşayır. Yox ey, ona görə demirəm, sadəcə olaraq qadınları uşağa qalmaq üçün kilsədə gecələməyə çağırmadığı üçün deyirəm…

Əli Babayev

Əlaqəli Xəbərlər