“Əbu-Dabi görüşü Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həlledici görüş oldu. Öncə ev sahibi kimi Əbu-Dabinin seçilməsinə diqqət yetirsək, qeyd etməliyik, bu, təsadüfi seçim deyil. BƏƏ ilk növbədə dost ölkədir, ən əsası isə maraqlı və qərəzli tərəf deyil. Məkan seçimi Azərbaycan tərəfdən olub. Bu, sülh gündəliyinin irəli aparılmasında Azərbaycanın liderliyini təsdiqlədi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.
Nigar Məmmədova sözlərinə belə davam edib: “Prosesin ikitərəfli xarakter daşıması isə bir daha göstərdi ki, Azərbaycan-Ermənistan danışıqlar prosesində hər hansı 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan hər zaman Bakı ilə İrəvan arasında dialoqda kənar güclərin iştirakını qəbul etməyib. Beş saata yaxın davam edən müzakirələr konstruktiv atmosferdə keçib. Doğrudur, burada heç bir sənəd imzalanmadı. Bununla belə, müzakirə olunan məsələlər, danışıqların müsbət atmosferdə keçməsi bu görüşə sülh müqaviləsinə doğru təşkil olunan vacib görüş kimi baxmağa imkan verir.
Məlum olduğu kimi, müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizinin açılması oldu. Uzun müddətdir, bu məsələ ətrafında müxtəlif mübahisələr mövcuddur. Lakin Əbu-Dabi görüşü göstərdi ki, tərəflər bu istiqamətdə maneələri aradan qaldırmaqda maraqlıdır.
Təsadüfi deyil ki, rəsmi Bakı Əbu-Dabi danışıqlarını “nəticəyönümlü dialoq” kimi qiymətləndirdi. Bu isə onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanın sülh konsepsiyasını qəbul edir. Bundan sonra bu istiqamətdə yalnız ikitərəfli formatda müzakirələrdən söhbət gedəcək. Bu, tərəfləri sülh müqaviləsinə yaxınlaşdıran əsas faktorlardan biridir”.
Ayşən Vəli