Sosial xidmətlərdə keyfiyyətcə yeni mərhələ: “DOST” mərkəzləri


Prezident İlham Əliyev: “İnnovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir”

Azərbaycanda uğurlu sosial siyasət insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində “ASAN xidmət”dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub. Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu gün vətəndaşlar mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlanır və bundan razı qalırlar. Mərkəz vətəndaşların bütün xidmətlərdən “bir pəncərə”yə müraciət etməsinə və “bir pəncərə”dən faydalanmasına imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub: “Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur”.

DOST XİDMƏTLƏRİNDƏN VƏTƏNDAŞ MƏMNUNLUĞU 98,5 FAİZDİR

Bu ilin birinci yarımilində DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib. 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və “DOST” mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını almaqla yanaşı, vətəndaşların vaxta qənaət etmələri baxımından da təqdirələayiqdir.

161 XİDMƏTİN ƏHALİYƏ VAHİD PLATFORMADAN TƏQDİMİ

Xatırladaq ki, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə 161 xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan verib.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

Azərbaycanın yeni brendi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb.

Eyni zamanda, DOST mərkəzləri “Aİ Biznes Mühiti Hesabatı 2021”-də Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib, DOST xidmətləri modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınıb. DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

ŞƏFFAFLIQ VƏ OPERATİVLİKDƏ VƏTƏNDAŞ MƏMNUNLUĞU

“Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. Proqramda ötən dövrdə 6 mindən çox könüllü iştirak edib. “Könüllü DOST” proqramına cari ilin 5 ayı ərzində 15 min müraciət olub, 604 şəxs proqrama cəlb olunub.

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST””, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir. Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni bir mərhələ açan “DOST” mərkəzləri qısa bir zamanda şəffaflığı, operativliyi ilə vətəndaş məmnunluğuna səbəb olub.

Nəzakət ƏLƏDDİNQIZI

Əlaqəli Xəbərlər