Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə (MM) gəlib. MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qonaqları spiker Sahibə Qafarova qarşılayıb.
Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələr arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib:
“Xalqların ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır. Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir”.
Görüşdə həmçinin qeyd olunub ki, ölkələr arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.
Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.