“Milli Dəyərlər Efir Oyuncağı Deyil!”


Azərbaycan xalqı tarixin bütün dövrlərində ailə institutuna, mənəvi dəyərlərə və əxlaqi prinsiplərə önəm verib. Bizim ailə modelimiz nəinki Cənubi Qafqazda, ümumilikdə Şərq dünyasında örnək göstərilib, böyüyə hörmət, kiçiyə qayğı, ailə içi münasibətlərdə məsuliyyət və sevgi əsas sütunlar sayılıb. Lakin təəssüf ki, bu gün bəzi televiziya kanalları reytinq xatirinə həmin sütunların altına od qoymağa başlayıb.

Son illər efirdə yayımlanan bəzi verilişlərdə ailə dəyərləri açıq şəkildə istismar olunur. Gündəlik yayımlanan proqramlarda insanların ailə içi dramları, şəxsi faciələri, boşanmaları, xəyanətləri, hətta bəzən kriminal xarakterli hadisələri şouya çevrilir. Tamaşaçı qarşısında “ailə dəyərləri” adı ilə təqdim olunan bu verilişlər əslində ailənin məhvinə aparan yolu legitimləşdirir, yəni normal kimi qəbul etdirir.

Ən qorxulusu isə budur ki, bu verilişləri uşaqlar, gənclər, ailə quran və ya ailə qurmağa hazırlaşan insanlar da izləyir. Onlar üçün bu verilişlər tədricən “gerçək həyat nümunəsi”nə çevrilir. Əgər bir millət ailə dəyərlərinə laqeyd qalarsa, onun sabahı olmaz. Əgər cəmiyyət efirdəki mənzərəni norma kimi qəbul edərsə, o zaman sabah qurulan ailələr də bu dəyərlərsizliyin üzərində qurulacaq.

Sual yaranır: Bəs niyə bu cür verilişlər efirə çıxmaqda bu qədər asan yol tapır? Niyə cəmiyyətə, ailəyə fayda verəcək maarifləndirici proqramlara, milli ənənələrimizi, dəyərlərimizi təbliğ edən layihələrə bu qədər yer verilmir? Niyə xalqımızın şanlı ailə tarixi, anaların tərbiyəsi, ataların məsuliyyəti, nənələrin hikməti, babaların örnəyi efirdə görünmür?

Televiziya sadəcə əyləncə vasitəsi deyil, həm də tərbiyə və təbliğat vasitəsidir. Efirdə nə göstərilirsə, cəmiyyət onu təkrarlayır. Ona görə də efir məkanına buraxılan hər söz, hər mövzu, hər görüntü məsuliyyət tələb edir. Əgər bu məsuliyyət yoxdursa, efir məkanı cəmiyyət üçün təhlükəyə çevrilə bilər.

Təəssüflə demək lazımdır ki, bu gün bəziləri xalqın sədaqətini, əxlaqını, ailə dəyərlərini əyləncə predmeti kimi təqdim edir. Elə bil xalqımızın faciəsi onların şousudur. Halbuki biz bu cür hallara yox, əxlaqlı, milli kimliyimizi təbliğ edən verilişlərə ehtiyac duyuruq.

Azərbaycan ailəsi güclü ailədir. Bizim ailə modelimiz müharibədə övlad böyüdən anaya, torpaq uğrunda can verən ataya söykənir. Bizim ailə dəyərlərimiz Vətən üçün şəhid yetişdirən ailənin əxlaqında gizlidir. Gəlin bu dəyərləri ucuz reytinqə qurban verməyək.

Unutmayaq: bizi dost da, düşmən də izləyir. Efirdə təqdim olunan hər obraz, hər ailə modeli xaricdə ölkəmiz haqda fikir formalaşdırır. Biz bu xalqın adına, dəyərlərinə, mədəniyyətinə sadiq qalaq. Rəzilliyi yox, nümunəni efirə çıxaraq. Çünki efirdə olan – sabahımızın aynasıdır.

Vüqar Vəliyev

Əlaqəli Xəbərlər