Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib. SİA-ya xəbər verir ki, forumun açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan iştirak ediblər.
Forum panel sessiya ilə davam etdirilir. PaneldəTürkiyənin tanınmış jurnalistləri – “Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, “Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, “Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, “Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl, “Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıldaş, “Kon TV” icraçı direktoru Nurəddin Bay, “Türkgün” qəzetinin Ankara nümayəndəsi Qədir Yıldız, Azərbaycanın tanınmış jurnalistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumu açıq elan edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O bildirib ki, hər iki ölkənin ziyalılarını bir məkanda birləşdirən forum vasitəsilə Azərbaycan və Türkiyə arasındakı media əlaqələri yeni müstəviyə daşınacaq.
Daha sonra çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər qonaqları salamlayaraq forumun keçirilmə tarixinə diqqət çəkib. Aqil Ələsgər qardaş ölkədə hərbi çevrilişə cəhdin növbəti ildönümünə təsadüf edən forumun əhəmiyyətini məhz həmin çevriliş cəhdi ilə əlaqələndirib: “Türkiyədə hərbi çevrilişə cəhd edilən həmin gün – 15 iyulda mən də qardaş ölkədə idim və həm Azərbaycan, həm də Türkiyə mediasını izləmə imkanım var idi. Azərbaycan mətbuatında ilk dəqiqələrdən etibarən bu cəhd demokratiyaya qarşı zərbə kimi dəyərləndirilmiş, Türkiyə tarixində hərbi çevrilişlərin açdığı yaralara diqqət çəkilərək bunun arxasındakı səbəblər barədə mülahizələr izləyicilərlə bölüşülmüşdür. Bu gün təşkil edəcəyimiz panel müzakirələrdən biri də məhz həmin hərbi çevriliş cəhdi ilə media əlaqələrinə ayrılıb”.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova Azərbaycanla Türkiyə arasındakı əlaqələrin son illər daha da artığını və əlaəqlərin bu inkişaf səviyyəsinə yüksəlməsində lider – Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faktorunun önəmli rol oynadığını bildiriblər. Çıxışçılar media əlaqələrində də nəzərəçarpacaq dərəcədə inkişaf qeydə alındığını vurğulayıblar.
Rəsmi çıxışlardan sonra Forum öz işini “15 İyul” və “Media və qardaşlıq” başlıqlı panel müzakirələrlə davam etdirib. Paneldə Türkiyədə hərbi çevrilişə cəhdin mediaya yansıması və Azərbaycan mətbuatının hadisəyə reaksiyası barədə fikir mübadiləsi aparılıb.
Panel müzakirələrdən sonra yekun müzakirə təşkil olunub, qeyd olunan məsələlər ətrafında təkliflər irəli sürülüb.