“Tava təpə” abidəsində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır


Ağstafa rayonu ərazisində “Tava təpə” abidəsində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır. Artıq 5 ildir aparılan arxeoloji tədqiqatlar öz nəticəsini verir. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Tava təpə” abidəsi Ağstafa rayonu ərazisində, Kür çayından 1,5 km aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid olan abidə Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub.

Arxeoloji qazıntılardan artıq müsbət nəticələr əldə edilir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Ağstafa “Tava təpə” arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov bildirib ki, arxeoloji qazıntı və tədqiqat işlərinin aparıldığı sahədə artıq 3 müxtəlif səviyyə aşkar edilib. “Burada müxtəlif məskunlaşma səviyyələrini müəyyənləşdirmişik. Diqqət çəkən yerlərdən biri buradakı ibadətgahdır. Artıq ikinci ildir ibadətgahda arxeoloji qazıntı işləri aparılır. Bu il aparılan arxeoloji qazıntı işləri göstərdi ki, ibadətgahın bundan əvvəlki mərhələyə aid qalıqları var. Biz artıq həmin mərhələyə keçmişik. Bu o deməkdir ki, ərazidə tədqiqatlar daha bir neçə il davam etdiriləcək. Çünki, ibadətgahın əhatə dairəsi, böyüklüyü, unikallığı göstərir ki, təkcə burada yaşayan insanlar deyil, bütün bu bölgədə Azərbaycanın qərb bölgəsində, bəlkə də daha geniş əhatədə Cənubi Qafqazın bu mərkəzi hissəsində əsas ibadətgahlardan, dini ayinlərin yerinə yetirildiyi yerlərdən biri olmuşdur.”

Deyilənləri abidə ərazisindən tapılan əşyalar da təsdiq edir. Qazıntı sahəsinin az bir hissədən 1000-ə qədər bütöv halda saxsı qablar aşkar olunub. Daha qədim mərhələdə aparılan qazıntılar zamanı yalnız 1 kvadrat metrdən 150 ədəd bütöv saxsı qablar tapılıb. Bu hissənin ibadətə gələnlərin qidalandığı qabların saxlandığı yer olduğu müəyyən edilib.

Beynəlxalq arxeoloji ekspedisiyada arxeoloji qazıntı işlərinə İtaliyanın Kataniya Universitetinin əməkdaşları da cəlb olunub. İtaliyalı mütəxəssislərlə birgə aparılan arxeoloji qazıntı işlərində müəyyən nailiyyətlər də əldə olunub. İtaliyalı arxeoloq, Kataniya Universitetinin əməkdaşı Rakele Mammana bildirib ki, burada aparılan qazıntı işləri olduqca maraqlı məqamlarla diqqəti cəlb edir: “Biz hazırda burada, “Tava təpə”də yaşayış evi və onunla əlaqəli təsərrüfat küpləri ilə xarakterizə olunan bu mərhələni qazırıq. Hazırda biz ağac atmaların yanmış və kömürləşmiş təbəqəsi olan nəhəng evin sərhədlərini müəyyənləşdirməyə çalışırıq”.

Abidə unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqəti cəlb edir. Qafqaz ərazisində bu abidəyə oxşar tarixi məkanlar olsa da, “Tava təpə” özünün daha geniş dövrü əhatə etməsi və digər xüsusiyyətlərinə görə seçilir. Abidənin özü son tunc, ilk dəmir dövrü üçün, Xocalı-Gədəbəy mədəniyyətini öyrənənlər üçün yenilikdir.

Qazıntılar zamanı “Tava təpə”dən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanma anbarı, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmək üçün alətlər aşkar edilib. Bura arxeoloqlardan başqa müəyyən sahələr üzrə mütəxəssislər də dəvət olunur.

Əlaqəli Xəbərlər