“Sosial əlaqələrin zəifləməsi ictimai ünsiyyətin azalmasına səbəb olur”


“Son illərdə insanların ictimai yerlərdə bir-birilə daha az ünsiyyət qurması müşahidə olunur. Bunun bir neçə psixoloji və sosial səbəbi var. Əvvəla, texnologiyanın inkişafı və smartfonların həyatımızın mərkəzinə çevrilməsi real ünsiyyətə olan tələbatı xeyli azaldıb”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, insanlar boş vaxtlarında ünsiyyət qurmaq əvəzinə, telefonlarına yönəlir və virtual aləmdəki qarşılıqlı əlaqələr real münasibətləri kölgədə qoyur: “Digər tərəfdən, şəhər həyatının sürətlənməsi və sosial stresslər insanların emosional enerjisini tükəndirir. Bu da onları ictimai yerlərdə yeni ünsiyyətə başlamaqdan çəkindirir. Həmçinin, müasir cəmiyyətin fərdiyyəçilik meyli artdığı üçün insanlar öz sərhədlərini qorumağa daha çox meyllidirlər və bu da sosial əlaqələrin zəifləməsi kimi görünə bilər.

Bu tendensiya həqiqətən də sosial əlaqələrin zəifləməsinə işarədir. Çünki insanlar arasında ünsiyyət və emosional yaxınlıq azaldıqca, empatiya qurmaq və qarşılıqlı dəstək vermək çətinləşir. Uzun müddətdə bu, həm fərdi, həm də ictimai psixoloji sağlamlıq üçün mənfi nəticələr yarada bilər. Psixoloqlar insanların şüurlu şəkildə real ünsiyyətə vaxt ayırmasını, ictimai yerlərdə qarşılıqlı söhbətlərə açıq olmasını tövsiyə edirlər. Sosial münasibətlər insan psixikasının əsas dayaqlarından biridir və onu qorumaq hər birimiz üçün vacibdir.

Əlaqəli Xəbərlər