“Müasir dövrdə rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bank əməliyyatları, dövlət xidmətləri, tibbi qeydiyyat və hətta sosial ünsiyyətin böyük bir qismi onlayn platformalar üzərindən həyata keçirilir. Lakin bu sürətli rəqəmsallaşma yaşlı nəsillərin bir hissəsini prosesdən kənarda qoyur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, texnologiyadan istifadə bacarığı zəif olan insanlar informasiya axınına qoşula bilmir, gündəlik işlərini görməkdə çətinlik çəkir və nəticədə sosial təcrid riski artır. Bu vəziyyət onların yalnız texnoloji deyil, həm də emosional baxımdan cəmiyyətdən uzaqlaşmasına səbəb olur: “Rəqəmsal boşluğun yaranmasının əsas səbəblərindən biri texnologiyanın sürətli inkişafıdır. Gənc nəsil texnologiya ilə böyüyür və yeni tətbiqləri asanlıqla mənimsəyir, lakin yaşlılar ənənəvi ünsiyyət və xidmət formalarına öyrəşdikləri üçün bu dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkirlər. Onlar üçün texnologiyanın mürəkkəb görünməsi, həm də səhv etmək qorxusu öyrənmə prosesini ləngidir. Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi vacibdir. Yaşlı insanlar üçün sadə və praktik təlimlər təşkil edilməli, onların ehtiyaclarına uyğunlaşdırılmış istifadəçi dostu texnologiyalar hazırlanmalıdır. Gənclərin bu prosesdə aktiv rolu da mühümdür. Nəsillərarası əməkdaşlıq, məsələn, nəvələrin baba-nənələrinə onlayn xidmətlərdən istifadə qaydalarını öyrətməsi həm sosial bağları möhkəmləndirir, həm də texnoloji fərqi azaldır. Əgər bu məsələyə diqqət yetirilməsə, rəqəmsal boşluq getdikcə dərinləşəcək və yaşlı nəsillərin sosial həyatdan uzaqlaşması daha da artacaq. Bu səbəbdən, dövlət, ictimai təşkilatlar və ailələr birgə səylə bu məsələni həll etməyə çalışmalıdırlar”.