Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi böyük ziyalılıq, vətənpərvərlik göstərərək əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atdı və milli mətbuatımızın təməlini qoyan “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olundu. Bu ölkə həyatında böyük əks-səda doğurdu. Azərbaycan milli mətbuatı 150 ildə mürəkkəb, lakin şərəfli mərhələlərdən keçmişdir.
Xalqın təkidli tələbi ilə Ümummilli liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalsitikanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən başlayaraq rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığı sahəsində köklü islahatlar aparıldı. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu.
Bu gün hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır. “Bütövlükdə, söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir”, – deyən Cənab İlham Əliyev bu sahədə ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bildirib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Belə ki, bu gün Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Yüzlərlə qəzetin nəşri vasitəsilə dünyada gedən bütün proseslər sərbəst şəkildə diqqətə çatdırılır.
Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi. Postmüharibə dövründə də bu iş davam etməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikri, hər bir bəyanatı, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu gün artıq mətbuatımızın 150-ci ildönümünü qeyd edirik.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri