Fransa ilə Əlcəzair arasında diplomatik münasibətlərdə yeni bir böhran yaşanır. Fransa daxili işlər naziri Brüno Rötayo Əlcəzairi Tuluza şəhərindəki konsulluğu vasitəsilə qanunsuz miqrantlara yüzlərlə pasport verməkdə ittiham edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir bu addımı Fransanın suverenliyinə açıq hücum kimi dəyərləndirərək, bu pasportların artıq rəsmi şəkildə tanınmayacağını bəyan edib.
B. Rötayo açıqlamasında yalnız pasport məsələsilə kifayətlənməyib. O, həmçinin bu hadisədə əlaqəsi olan Əlcəzair rəsmilərinə qarşı sanksiyaların tətbiq olunacağını bildirib. Həmçinin Afrika ölkəsini Avropa İttifaqı ilə aparılan ticarət danışıqlarını dayandırmaqla hədələyib, Əlcəzairin bu danışıqlardan birtərəfli şəkildə faydalanmaq istədiyini iddia edib. Nazirin fikrincə, bu cür davranışlar Əlcəzairin Fransaya qarşı qaralama kampaniyasının bir hissəsidir. O, keçmişdə Əlcəzairə qarşı tətbiq olunan yaxşı niyyət siyasətini uğursuzluq adlandıraraq, Fransa maraqlarını daha qətiyyətlə müdafiə edəcək yeni bir strategiya tələb olunduğunu vurğulayıb.
Bu, uzun müddətdir gərgin olan Paris-Əlcəzair münasibətlərinin daha da soyumasına səbəb olub. Xüsusilə Fransa hökumətinin Qərbi Saxara üçün Mərakeş suverenliyi altında muxtariyyəti dəstəkləməsi, Əlcəzairin sərt reaksiyasına səbəb olmuşdu. Bundan sonra aprel ayında Əlcəzair öz səfirini geri çağırıb və 12 fransız diplomatı ölkədən çıxarmışdı. Hər iki tərəf ilin əvvəlində münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atsa da, indiki böhran vəziyyətin daha da dərinləşdiyini göstərir. Bu isə, təkcə ikitərəfli münasibətləri deyil, eyni zamanda Avropa İttifaqı ilə Əlcəzair arasında əməkdaşlıq perspektivlərini də təhlükə altına salır. Fransa tərəfinin bu qədər sərt mövqe tutması və açıq sanksiya siqnalları verməsi, məsələnin sadəcə bir pasport qalmaqalından ibarət olmadığını göstərir. Əksinə, bu hadisə illərlə yığılıb qalmış narazılıqların və strateji ziddiyyətlərin bir növ təzahürüdür.
Əlcəzair tərəfinin cavabı isə hələlik məlum olmasa da, qarşılıqlı diplomatik və iqtisadi təzyiqlərin artma ehtimalı yüksəkdir. Bu gərginlik, həm də Fransa üçün Aralıq dənizi regionunda təsir gücünün azalması riski deməkdir.