Yumurta alarkən nələrə diqqət edilməlidir?


“Yumurta əksəriyyətimizi sevərək yediyi, xüsusən də səhər qəlyanalatılarının vaz keçilməz qidasıdır. Zülal və vitaminlərlə zəngindir. Ancaq diqqət etməli olduğumuz əsas məqam odur ki, yumurta bakteriyaların, xüsusilə də salmonella kimi təhlükəli mikroorqanizmlərin daşıyıcısıdır. Bu baxımdan yumurta alarkən bir neçə məqama diqqət etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.



Asim Vəliyev sözlərinə belə davam edib: “Yumurta alarkən ilk olaraq xarici görünüşünə diqqət etməliyik. Yumurta təmiz, quru və çatlamamış olmalıdır. Çatlamış yumurtanın üzərində olan mikroorqanizmlər çox asanlıqla xaricdən daxilə keçə bilər. Üzərində gübrə, tüklər, çirklər varsa, bu da mikroorqanzimlərin çoxalması üçün əlverişli şəraitdir. Yumurtanı evdə saxlanma zamanı yumağa çalışmaq da təhlükəli ola bilər. Çünki yuma zamanı qoruyucu təbii təbəqə pozulur və mikroorqanizmlərin daxilə nüfuz etməsi asanlaşır.

Marketlərdə qablaşdırmada yumurta aldığımızda istehsal və son istifadə tarixinə baxmalıyıq. Yumurtalar əsasən istehsal olunduğu gündən etibarən 28 gün ərzində istifadəyə yararlı olur. Bitmə tarixinə az qalıbsa, almasaq daha yaxşı olar.

Yumurtalar əsasən karton qutuda və plastik qabda satılır. Karton qablar daha havanı yaxşı keçirsə də, plastik qablarda yumurtanın zədələnmə ehtimalı daha azdır. Hər iki halda da diqqət edəcəyimiz əsas məqam qablaşdırmanın təmiz, dağılmamış və rütubətsiz olmasıdır.

Yumurta temperatura qarşı çox həssasdır. Soyuq yerdən aldığımız yumurtanı isti şəraitə salmaq və ya əksinə etmək yumurtanın vaxtından əvvəl xarab olmasına, mikroorqanzimlərin yaranmasına səbəb olur. Marketdə yumurtalar sərin yerdə, birbaşa günəş işığından uzaqda saxlanmalıdır. Soyuducuda saxlanan yumurtanı aldıqdan sonra eyni temperaturda saxlaamq daha doğru olar”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər