Fransada son həftələrdə müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsada, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.
Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir.
Zərərçəkmiş şəxslər bildirirlər ki, onların yeganə “təqsiri” – Fransadakı sistemli irqçiliyi və islamofobiyanı tənqid etmələri olub.
Halbuki bu şəxslərin nəşr etdiyi kitablar hələ də “Fnac” və “Amazon” kimi platformalarda sərbəst şəkildə satışdadır. Bu isə tətbiq olunan tədbirlərin selektiv və siyasi motivli olduğunu göstərir.
Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə əsaslanır. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur.
Vəkil Rafiq Şekkat bu praktikanı müsəlmanların səsini boğmaq və onları cəmiyyətin kənarına atmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir cinayət törətməyən şəxslərə qarşı tətbiq edilən bu iqtisadi blokadalar, hüquqi dövlət prinsipini pozur və müsəlmanların hüquqi təhlükəsizliyini sual altına alır.
Tənqidçilər bildirirlər ki, bu cür tədbirlər, demokratik cəmiyyətdə qəbuledilməzdir və Fransa Respublikasının bərabərlik və azadlıq prinsiplərinə ziddir.