Sevinc, öyrənmə və ilham məkanı


İsrailin Azərbaycandakı səfirliyi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ilə sıx əməkdaşlıq çərçivəsində Gender Əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzində aparılan təmir işlərinin tamamlanmasını qeyd edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təmir işləri səfirliyin sosial rifah və icma inkişafına dair davamlı öhdəliyinin bir hissəsi olaraq dəstəklənib.

İyulun 24-də keçirilmiş tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik və həyat yoldaşı Anna Dik ilə yanaşı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Mobil və Yarımstasionar Sosial Xidmətlərin Təşkili şöbəsinin müdiri Tünzalə Verdiyeva iştirak ediblər.

“Bu mərkəz sadəcə bir sığınacaq deyil – bizim təşəbbüsümüz burada şəfa və yeni başlanğıclar üçün bir yer yaratmaq idi. “Dostluq otağı” rəngləri, kitabları və oyuncaqları ilə sevinc, öyrənmə və ilham məkanıdır. Bu otaq hər bir uşağın hiss etməsini istədiyimiz şeyi əks etdirir: Onlar unudulmayıb, onların əhəmiyyəti var və qarşıda sonsuz imkanlarla dolu bir gələcək var”, – deyə səfir Corc Dik çıxışında bildirib.

Mərkəzin rəhbəri Mehriban Zeynalova illərlə göstərilən davamlı dəstəyə görə səfirə və İsrail dövlətinə təşəkkürünü ifadə edib. O, göstərilən diqqətin və dəstəyin uşaqların rifahı və gələcəyi üzərində yaratdığı müsbət təsiri xüsusi vurğulayıb.

Tədbirdən sonra səfir və xanımı sığınacaqda yaşayan müxtəlif yaş qruplarından olan uşaqlar üçün inkişafetdirici oyuncaqlar və kitablar təqdim ediblər. Onlar, həmçinin təmir edilmiş sahələrə baxış keçirib və mərkəzin əməkdaşları ilə görüşərək onların gündəlik fəaliyyətləri ilə yaxından tanış olublar.

“Dostluq otağı” səfirlik və onun xidmət etdiyi icmalar arasında həmrəyliyin, dəstəyin və davamlı tərəfdaşlığın bir rəmzi kimi dayanır.

Əlaqəli Xəbərlər