Borcunu qaytarmayan adamı nə gözləyir?


“Mülki Məcəllənin 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

Vətəndaş bankdan götürdüyü krediti ödəmədikdə, bank və ya kredit təşkilatı müəyyən hüquqi tədbirlər görə bilər. Kreditin ödənişi gecikdikdə, bank əvvəlcə borcluya yazılı və ya telefon vasitəsilə xəbərdarlıq edir. Müqavilədə nəzərdə tutulmuş gecikmə faizləri hesablanır və əsas borca əlavə olunur. Borc uzun müddət ödənilməzsə, bank notarial qaydada və ya məhkəmədənkənar qaydada borcluya rəsmi bildiriş göndərir. Kredit müqaviləsində təminat (zamin, girov və s.) varsa, həmin şəxslərə də bildiriş göndərilə bilər. Bildirişdən sonra borcun ödənilməsindən yayınılarsa bank borcun qaytarılması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı əsasında borcun məcburi qaydada ödənilməsi həyata keçirilir. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra məmurları işə qoşulur. Borclunun əmək haqqına, bank hesablarına və daşınar-daşınmaz əmlakına həbs qoyula bilər. Zamin varsa, öhdəlik ona da şamil oluna bilər. Borcunu ödəməyən şəxslər Mərkəzi Bankın Kredit Reyestrində və ya AzerCreditNet kimi kredit bürolarında “pis kredit tarixçəsi” ilə qeydə alınır. Bir növ qara siyahıya alına bilər. Həmin şəxslər üçün gələcəkdə kredit almaq çətinləşir. Əgər kredit girovla təmin olunubsa (məsələn, ipoteka), məhkəmə və icra prosesi nəticəsində ipoteka qoyulmuş əmlak satıla bilər. Yalnız qəsdən dələduzluq (məsələn, saxta sənədlərlə kredit almaq) hallarında CM-nin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlana bilər. Sadəcə borcu ödəyə bilməmək (maliyyə çətinliyi səbəbilə) cinayət məsuliyyəti yaratmır.

Bundan başqa borcun ödənilməməsinə görə borclunun ölkədən çıxışına məhdudiyyət də qoyula bilər”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər