Ucuz kərə yağlarının tərkibində nə var?


“Qidalanmamızda səhv etməmək üçün ilk olaraq sağlam qidanın nə olduğunu dərk etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Orqanizmin böyüməsi, inkişafı, günlük həyat prosesləri kimi funksiyaları yerinə yetirməsi üçün balanslı və yetərli miqdarda zəngin qida elementləri ilə qidalanması sağlam qidalanma adlanır. Hansı qidanı hansı zamanda, miqdarda və şərtdə qəbul etmək də önəmlidir. Hal-hazırda qidalarda “inkişaf” prosesi gedir. Çünki “inkişaf” artdıqca qidaların tərkibi azalır və ucuz keyfiyyətsiz mallar daha çox istehsal olunur. Bu da faktdır ki, bəzi nəhəng qida və dərman şirkətləri bir-biri ilə əlbir olub “biznes” qururlar. Keyfiyyətsiz məhsullar maliyyə vəsaiti tələb edən xəstəliklərə səbəb olur. Bütün bunlar monopoliya kimi qiymətləndirilir.

Yağ orqanizmin enerji mənbəyidir və gündəlik istehlakda mütləqdir. Ucuz yağlar məsələsinə nəzər salsaq, normal yağ süddən, ayrandan hazırlanmalıdır. Alıcı 2-3 manatlıq yağı gördükdə düşünməlidir ki, burada yağdan söhbət gedə bilməz. Yağın istehsal prosesi çox mərhələlərdən keçir və qatqılara məruz qalır. Marqarin və trans yağlara qatqılar əlavə olunub “kərə yağı” adı ilə satılır. İstehsalçıların ən böyük yalnışı “bitki tərkibli”, “natural” və s. şablonlarla insanları aldatmaqdır. Yaxşı yağ açıq-sarı rəngli, iysiz, çörəyin üzərinə əlavə etdikdə topaclanmamalı və bıçağa yapışmamalıdır. Qiymətə önəm verildiyi kimi keyfiyyət də əsasdır. Ucuz yağlar mədə-bağırsaq sisteminin funksiyasını pozur, damar tıxanıqlığı, ürək xəstəlikləri və hətta xərçəngə belə səbəb ola bilir.

Ən çox aldadılan mövzu isə nehrə yağıdır. Əsl nehrə yağını kəsdikdə bu hissədə yaranan tər damlaları ilkin təəssürat yaradır. Təmiz yağ yumşalıb yaxşı yayılmalıdır. Yağın insana bir çox faydaları var. Onun tərkibində A, E və D vitamini mövcuddur ki, bu da dəri, saç, dırnaq sağlamlığında mühüm rola malikdir. Xüsusilə də pandemiya dövründə immun sisteminin güclü olması üçün D vitamini çox faydalıdır. Günlük 25-30 qram bədənimizə yağ daxil olmalıdır. Sağlam orqanizm üçün səhər 7-də oyanıb su qəbul etmək də önəmlidir. Bununla orqanizmdə yığılan toksinlər xaric olur. Səhər yeməyi üçün ən ideal vaxt saat 10 hesab olunur. Çünki, artıq mədə qida qəbul etməyə hazırdır. Yeməkdən sonra çay qəbulu qan azlığına səbəb olur. 1-2 saat çay üçün gözləmək lazımdır. Əsasən heyvan mənşəli qidaların tərkibində zülal olur. Karbohidratlar isə paxlalılardan əldə olunur. Şirniyyatlar zərərli karbohidratlar sırasındadır. Piylənmənin başlıca səbəbi yağdan çox şirniyyatlardır. Günorta yeməyi üçün saat 2-3 arası ideal vaxt sayılır. Günün 4-5 aralığında isə bədəndən toksinlər atıldığı üçün daha çox su içilməlidir. Axşam yeməyini yatmamışdan 2-3 saat öncə, əsasən yüngül və tez həzm olunan məhsullarla qəbul etmək olar. “6-dan sonra qidalanmaq olmaz”-deyə bir qanun yoxdur”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər