“Mina problemi təkcə texniki yox, həm də humanitar təhlükədir”


“2020-ci ildə Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə qarşıda duran əsas vəzifələrdən biri həmin torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi oldu. Bu günə qədər görülən işlərə nəzər saldıqda deyə bilərik ki, mina təmizləmə prosesi həm miqyas, həm də icra baxımından olduqca geniş və çətin bir mərhələdir. Lakin Azərbaycan bu prosesi mərhələli və sistemli şəkildə həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, əsas mina təmizləmə işləri ANAMA – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən həyata keçirilir. Bununla yanaşı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti də prosesə cəlb olunub: “Ərazilərin təhlükəsiz hala gətirilməsi üçün ən müasir texnologiyalar, xüsusi təlim keçmiş kinoloji qruplar və əl ilə təmizləmə üsulları istifadə olunur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bəzi ölkələrdən texniki və peşəkar dəstək də alınır. Bugünkü vəziyyətə baxsaq, minalardan ən çox təmizlənmiş və bərpa işlərinə start verilmiş ərazilər sırasında Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhərinin mərkəzi, Cəbrayılın bəzi kəndləri və Şuşa şəhərinə gedən yol boyunca olan ərazilər yer alır. Bu ərazilərdə artıq infrastrukturun qurulması, yolların çəkilməsi, su, qaz və elektrik xətlərinin çəkilməsi, məktəb və xəstəxanaların tikilməsi kimi addımlar atılıb. Bu isə yalnız mina təhlükəsi aradan qaldırıldıqdan sonra mümkündür.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, mina problemi təkcə texniki yox, həm də humanitar təhlükədir. Müharibədən sonra mina partlayışları nəticəsində hərbçilərlə yanaşı, çoxsaylı mülki şəxslər – o cümlədən fermerlər, jurnalistlər və tikinti işçiləri həlak olub və ya xəsarət alıb. Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin təxminən 25%-ə qədəri dəqiq olub, qalan məlumatlar isə ya qeyri-dəqiq, ya da tamamilə uyğunsuz olub. Bu da təmizləmə işlərini xeyli ləngidir. Mina təmizləmə prosesi dövlətin prioritet istiqamətlərindən biridir. Azərbaycan bu sahədə həm texniki imkanlarını, həm də beynəlxalq əməkdaşlığını genişləndirərək işğaldan azad olunmuş torpaqları təhlükəsiz və yaşayış üçün yararlı məkana çevirməkdə qərarlıdır”.

Əlaqəli Xəbərlər