Tailand-Kamboca qarşıdurması dağıdıcı müharibə riski yaradır


Dünyada müharibələr, münaqişələr bitmək bilmir. Əksinə, dövlətlərarası qığılcımı xatırladan qarşıdurmalar yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxarır. Bu dəfə yeni müharibə riskinin Tailandla Kamboca arasında baş verə biləcəyi ehtimal olunur. Daha doğrusu, uzun müddətdir ki, hər iki dövlət arasında sərhəd mübahisəsi səbəbində ara -sıra toqquşmalar baş verir. Ötən həftə Tailand-Kamboca arasında son on ilin ən gərgin qarşıdurması yaşandı. Tailanda məxsus 10-a yaxın F-16 Kambocanın hərbi qərargahını və sərhəd yaxınlığında yerləşən kənd və qəsəbələri hədəfə aldı. Nəticədə onlarla hərbçi və mülki əhali öldürülüb və yaralanıb. Hər iki ölkə təhlükəsizlik məqsədilə sərhəd boyu mülki insanları təxliyə etməyə başlayıb. Bu arada, Kamboca münaqişənin böyüməsi riskini vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Tailand Müdafiə Nazirliyi 19 nəfərin, Kamboca tərəfi isə 13 nəfərin, o cümlədən 5 hərbçi və 8 mülki vətəndaşın həlak olduğunu bildirib. Sərhədə yaxın Kantralak şəhərinin sakini deyib: “Şəhər demək olar ki, boşalıb. İnsanlar gedib. Mənim otelim hələ də fəaliyyət göstərir, çünki insanlar müvəqqəti sığınacaq axtarır”. Hər iki tərəfdən yüz mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

“Reuters” agentliyinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında döyüşlər Tailandın Tret bölgəsində də baş verib. Bu bölgə əvvəlki toqquşma nöqtəsindən təxminən 100 kilometr uzaqlıqda yerləşir. Bu, o deməkdir ki, münaqişə artıq yeni cəbhələrdə də genişlənməkdədir. Hadisələrin qızışmasına səbəb kimi may ayının sonunda baş vermiş bir insident göstərilir, bu insident zamanı kambocyalı əsgər həlak olub. Həmin vaxtdan etibarən hər iki ölkə sərhədə əlavə qüvvələr cəlb edib. Eyni vaxtda Tailandda daxili siyasi böhran da yaşanır – koalisiya hökuməti parçalanmaq təhlükəsi ilə üz-üzədir.

Münaqişənin əsas səbəbi Ta Muan Thom məbədidir

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Tailand nümayəndəsi bildirib ki, iki əsgər minalardan xəsarət alıb və Kambocanı hücumda ittiham edib. O, beynəlxalq ictimaiyyəti sülhə çağırmağa səsləyib. Kamboca isə öz növbəsində bildirib ki, Tailand “qəsdən, səbəbsiz və qanunsuz hücuma” başlayıb. Onlar BMT-ni və dünya birliyini Tailandın hərəkətlərini sərt şəkildə pisləməyə çağırıb. Pnompenə görə, Tailand sərhədə daha çox hərbi texnika toplamaqla münaqişəni daha da dərinləşdirir və suverenliyi pozur.

Münaqişənin baş verməsinin əsas səbəbi Tailandın Surin əyalətindəki Ta Muan Thom məbədinə nəzarətdir. Lakin iddialara görə, başlıca maraq hər iki tərəfin sərhəd ticarətinə, qaçaqmalçılığa və narkotik ticarətinə nəzarət uğrunda mübarizədir. Bu fakt qeyd olunmasa da reallıqdır. Tərəflər isə mübahisənin məbədə nəzarət uğrunda yarandığını qeyd edirlər. Məbədin yaxınlığında Tailandın hərbi bazası yerləşsə də kambocalılar bu məbədi, eləcə də ətraf əraziləri özlərininki hesab edir. Kambocanın “Vodkhmer” nəşri iddia edir ki, iyulun 22-də məbəddə hər iki tərəfdən mülki şəxslərlə hərbçilər arasında baş verən şifahi mübahisə döyüşə çevrilib və iyulun 24-də Preah Vihear əyalətində sərhəddə patrul xidməti aparan üç Tayland əsgəri minaya düşərək həyatlarını itiriblər. Kamboca tərəfi bəyan edib ki, Tailand əsgərləri 2000-ci il Anlaşma Memorandumunu pozaraq Kamboca ərazisini patrul xidməti həyata keçiriblər.

Taylandla Kamboca arasındakı qarşıdurma toxumunu səpən yenə də Fransadır

Araşdırmalara əsaslanaraq vurğulamaq lazımdır ki, Tailand və Kamboca arasındakı 817 kilometrlik sərhəd bölgənin fransızların müstəmləkəsi olduğu 19-cu əsrdən bəri iki ölkə arasında mübahisə mənbəyi olub. Kamboca 1863-cü ildə Fransa tərəfindən işğal olunub. 1904-cü ildə Fransa və Tailand (o zaman Siam kimi tanınırdı) arasında bağlanan müqavilə Tailand-Kamboca sərhədlərini yenidən müəyyənləşdirdi. Müqavilə nəticəsində Tailandın daxilində yerləşən 11-ci əsrə aid Preah Vihear məbədi Kamboca ərazisinə birləşdirildi. Lakin Tailand sərhədin fransızlarla razılaşdırılmış xətlərdən kənara çıxdığını iddia edərək ona etiraz edib. Beləliklə, iki ölkəni bir-birindən ayıran 817 kilometrlik sərhəd onların arasında mübahisəyə səbəb olub.

Tailand dövləti Kambocaya məxsus hərbi obyekti məhv etmək üçün F-16 döyüş təyyarələrindən istifadə edib. Bununla yanaşı, Kamboca ilə bütün sərhəd keçidlərini bağlayıb. Kamboca ordusu cavab zərbələri həyata keçirib və nəticədə 14 Tayland vətəndaşı öldürülüb. Hər iki ölkənin səfirləri geri çağırılıb. Kamboca hakimiyyəti vətəndaşları panikaya düşməməyə, mal ehtiyatı saxlamamağa, satıcıları isə malların qiymətini qaldırmamağa çağırıb. Tailand və Kamboca arasında uzun müddətdir davam edən ərazi mübahisəsi zəminində açıq hərbi əməliyyatlar başlayandan sonra Kral Tailand Ordusunun iki ölkə sərhədi yaxınlığında Kamboca mövqelərinə hücum etmək üçün T-84 əsas döyüş tanklarından istifadə etdiyi təsdiqlənib. Phra Vihan bazası ərazisində əməliyyatlar təsdiqlənib, Tailand mənbələri isə tankların “itirilmiş əraziləri geri almaq” üçün istifadə edildiyini iddia edir.

Kamboca məbədlərin mülkiyyətinə etiraz edərək Beynəlxalq Ədalət Məhkəməsinə (ICC) müraciət etmək qərarına gəlib. Nəzərə almaq lazımdır ki, 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) məbədin Kambocaya aid olduğuna dair qərar çıxarsa da, məbədi əhatə edən torpaq və sərhədlə bağlı mübahisələr bu günə qədər davam edir. Məbədin 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınması Tailandda böyük etirazlara və iki ölkə arasında qarşıdurmalara səbəb olmuşdu. Beynəlxalq Ədalət Məhkəməsi 2013-cü ildə qərarını yekunlaşdıraraq bir daha Preah Vihear məbədinin Kambocaya aid olduğuna qərar verib. Tailand BCM-nin yuridiksiyasını rədd edir. Son zamanlar BMT-nin əsas beynəlxalq qurumlarının beynəlxalq mübahisələrə son qoymaq potensialı yoxdur. Ekspertlər tamhüquqlu müharibə gözləmirlər, lakin bunu da istisna etmirlər, çünki Tailandda daxili siyasi vəziyyət ordu ilə hökumət arasında fikir ayrılığı ilə xarakterizə olunur və Kamboca həlledici hərəkətlərə qadir olan monolit ölkədir.

Hər iki ölkənin siyasətçiləri sərt bəyanatlar mübadiləsini davam etdiriblər. Sərhəd məsələsi hər iki ölkənin daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Hadisələrdən sonra Tailandın baş naziri vəzifəsindən uzaqlaşdırılıb. Kambocanın baş naziri Hun Manet Tailandla uzun müddətdir davam edən sərhəd mübahisələrini həll etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) müraciət edib. Tailandın baş naziri Paetongtarn Shinawatra da Kambocanın keçmiş baş naziri və Senatın sədri Hun Sen ilə telefon danışığı mətbuata sızdıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Donald Dramp Tailandla Kambocanı hədələdi

Bu arada müsbət hal kimi dəyərləndirilən hadisələr yaşanır. O mənada ki, bəlkə də son on ildə ilk dəfə dünyanın bəzi aparıcı ölkələri, o cümlədən ABŞ prezidenti Donald Dramp Tailandla Kamboca arasında münaqişənin daha geniş əraziləri əhatə edilməsinin qarşısnın alınması üçün əsaslı addımlar atıb. ABŞ prezidenti Donald Tramp hər iki tərəfə ültimativ çağırışla müraciət edib. O iki ölkəni atəşi dərhal dayandırmasalar, onlara sanksiyaların tətbiq olunacağı ilə hədələyib. Kamboca ABŞ prezidentinin “Tailand razılaşarsa” hərbi əməliyyatları dayandırmaq təklifini qəbul edəcəyini bəyan edib. Eyni zamanda, Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai prezident Trampdan Phnom Penh-ə Tailandın yekun sülh həllini təmin etmək üçün mümkün qədər tez ikitərəfli dialoqa başlamaq istədiyini çatdırmağı xahiş edib.

BMT Təhlükəsilik Şurasının çağırışından və ABŞ prezidenti D.Tampın hədəsindən sonra ehtimal ki, Tailand və Kamboca müharibəni dayandırmağa məcbur olacaqlar. Çünki böyük güclərin qarşısında onlar çox kiçikdirlər. Dirəniş göstərmək, müharibə əhavali-ruhiyyəsi ilə çıxış etmək hər iki ölkənin hakimiyyətlərinə zərbə ola bilər. Ən azı Tailand ciddi problemlərlə üzləşə bilər. Çünki Tailandda kaolisiya ittifaqı çox kövrəkdir, digər tərəfdən hakimiyyətlə ordu arasında soyuq münasibətlər hökm sürür. İstənilən vaxt bu zəif telləri qırmaq və hakimiyyətdə olanları tarixin arxivinə göndərmək mümkündür. Eynilə də Kambocada hakimiyyətlə xalq arasında qarşıdurma yaşanır. Vaxtaşırı olaraq xalq hakimiyyətin apardığı siyasətə etiraz əlaməti olaraq küçələrə çıxıb etiraz aksiyaları keçirir. Digər tərəfdən isə Kambocada Qərbin təsiri yüksəkdir. Ölkənin enerji və iqtisadi sferasına Avropanın şirkətləri nəzarət edirlər. Bütün bu və digər amillər Tailandla Kamboca hakimiyyətini kənar qüvvələrin istənilən göstərişini sözsüz yerinə yetirməyə məcbur edir. Ona görə də, yaxın saatlarda tərəflər arasında atəşkəs haqqında razılaşmanın əldə ediləcəyi şübhəsizdir. Daha doğrusu, artıq hər iki ölkənin baş nazirləri ABŞ prezidenti D.Trampın atəşkəsə nail olunması hədəsinə müsbət rəy veriblər.

İLHAM ƏLİYEV

Əlaqəli Xəbərlər