“Azərbaycan Böyük Qayıdışa hələ Vətən müharibəsindən çox-çox əvvəl hazırlaşırdı. Cəmiyyətdə torpaqlarımızın azad olunacağı və geri qayıdacağımız barədə böyük bir inam var idi. Əvvəldən bilinirdi ki, erməni millətçiləri həmin torpaqları darmadağın ediblər. Nə var idisə, söküb-dağıdıb, öz ölkələrinə aparıblar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müharibədən dərhal sonra Böyük Qayıdış proqramı həyata keçirilməyə başladı. İlk növbədə kommunikasiya xətlərini bərpa etmək və əraziləri minalardan təmizləmək lazım gəldi: “Eyni zamanda Ağalıdan başlayaraq digər yaşayış məntəqələri bir-bir ardınca məskunlaşmağa başladı. Bu günlərdə yeni bir keçmiş məcburi köçkün qrupu öz kəndinə qayıtdı. Hal-hazırda 14 yaşayış məntəqəsində 15 minə qədər insan məskunlaşıb. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə 50 mindən çox insan yaşayır və yaradır. Dövlət təkcə mənzillə təmin etmir, eyni zamanda həmin insanları işlə təmin etmə məsələsini də əvvəldən düşünür. Onların şəxsi təşəbbüslərini həyata keçirməsi üçün bütün şərait yaradılıb. Geri qayıdan insanlar dövlətin böyük quruculuq işlərini görür və onu dəstəkləyərək daha da güclü olmasına çalışırlar. Qayıdanlar təkcə vaxtilə məcburi köçkün olanlar deyil, onların övladları da – başqa yerdə doğulan, artıq öz ailələri olan insanlar da torpaq sevgisi ilə geri dönürlər. Və təsadüfi deyil ki, yaşayış məntəqələrində ilk növbədə orta məktəblər, uşaq bağçaları tikilir. Çünki insanlar qayıtdıqca bu ehtiyaclar artır və köç karvanı davam edəcək. Vaxtaşırı olaraq çox sayda insanın geri qayıdacağını görəcəyik. Biz bir milyon insanın öz doğma torpağına qayıdacağını, oranın yenidən canlanacağını görürük və bundan sonra da görəcəyik. Bu işdə xalqın qətiyyəti, dövlətin gücü və uzaqgörənliklə xalqımızın milli maraqlarını və arzularını həyata keçirən rəhbərimiz – cənab Prezident İlham Əliyev var”.