Mənzil İnşaatı Dövlət Agentliyi xalis mənfəət əldə edib


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2024-cü ili 2,692 milyon manat xalis mənfəətlə başa vurub. SİA Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 dəfə azdır.

Ötən il MİDA-nın maliyyə gəlirləri 12,857 milyon manat (11,7 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəlirləri 334 min manat (19,5 % az), diskontun amortizasiyası üzrə gəlirləri 2,621 milyon manat (47,5 % çox), ümumi və inzibati xərcləri 4,269 milyon manat (4 % çox), kreditlərin ədalətli dəyəri üzrə zərəri 7,126 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 1,726 milyon manat (15,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 517,383 milyon manat olub ki, bu da illik müqayisədə 14,7 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 13,9 % artaraq 38,775 milyon manata, balans kapitalı isə 14,8 % artaraq 478,608 milyon manata çatıb.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

Əlaqəli Xəbərlər