“Son 5 ildə Avstraliyada baş verən meşə yanğınlarında 18 milyon hektardan çox meşə yanıb. 3 milyarddan çox heyvanın öldüyü və ya yanğından təsirləndiyi bildirilir. Kanadada meşə yanğınlarında 17 milyon hektardan çox meşə sahəsi yanıb. Amazon meşələri yanğınlarında 1 milyon hektardan çox meşə sahəsi məhv olub. Ərazisinin təqribən 27 %-nin meşələrlə əhatə olunduğu Türkiyədə bir həftədən çoxdur meşə yanğınları davam edir. Ötən il baş verən və təqribən iki həftə boyunca davam edən analoji yanğınlarda minlərlə hektar meşəlik ərazi yanaraq külə dönmüşdü. Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Ölkəmizdə yanğınlar daha çox dağ meşələrində baş verir. Çünki respublikamızın coğrafi ərazisinin meşə fonduna aid olan hissəsinin 95 %-i dağlıq ərazilərdə yerləşir”. Bunu SİA-ya açıqlamasında “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev deyib.
Həmçinin Balayev, min hektarlarla meşə ərazisinin yanğından zərər gördüyünü bildirir: “Azərbaycanda baş verən meşə yanğınlarının əsas səbəbi demək olar ki, ehtiyyatsızlıqdır. Meşədə kor-koranə tonqal qalanması, gedərkən qalan ocağın söndürülməməsi, siqaret kötüklərinin söndürülmədən yerə atılması, uşaqların meşədə odla oynaması və s. meşə yanğınlarına səbəb olur. Bundan başqa bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını da elə meşədə buraxırlar. Bəzən isti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb olur. Bununla yanaşı əkin sahələrinin, yaşayış məntəqlərinin meşə sahələrinə yaxın olması da yanğınlara səbəb olur. QHT təmsilçisi olaraq, bölgələrə səfərlərimizdə, vətəndaş, eləcə də fermerlərlə görüşlərimizdə odla ehtiyatlı davranış, meşə yanğınlarının qarşısının alınması barədə söhbətlər aparırıq”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bəyan edib ki, yanğınların qarşısını almaq üçün cari ilin ötən dövründə 43.590-dan artıq obyektdə yanğın-texniki müayinələr keçirmiş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə 307.250-dən artıq tələbi özündə əks etdirən “Tələbnamə” məktubları verilmişdir: “Verilmiş tələblərdən 55.010-dan çoxunun icrasına nail olunmuşdur. Müayinələr zamanı qanun pozuntularının aşkar edilməsi ilə əlaqədar yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən obyektlərin cavabdeh şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib olunmaqla pozuntuların aradan qaldırılması məqsədilə tələbnamələr təqdim olunur. Bəzi hallarda qanun pozuntularının insanların həyat və sağlamlığına, o cümlədən dövlətin əmlak maraqlarını birbaşa təhlükə yaratdığı müəyyən olunur ki, bu zaman həmin obyektlərin fəaliyyətinin məhdudlaşdırılması barədə qərarlar da qəbul edilir. Eyni zamanda əhali arasında mütamadi olaraq yanğına qarşı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin nəticəsində bu ilin ötən dövründə 50.000-dən artıq vətəndaş, 58.130-dan çox fəhlə və qulluqçu yanğın təhlükəsizliyi sahəsində təlimatlandırılmışdır”.
Xidmət rəsmisi onu da bildirib ki, cari ilin müvafiq dövrü ərzində 869 yanğın hadisəsi qeydə alınmışdır ki:”Bu yanğınların 585-i yaşayış sektorunda, 211-i nəqliyyatda, 21-i açıq sahələrdə, 3-ü meşə sahələrində, 56 ədəd sosial məişət və mədəniyyət sektorunda, 21 ədədi isə istehsalat obyektlərində baş vermişdir. Aparılmış geniş miqyaslı maarifləndirmə tədbirləri nəticəsində adı çəkilən bütün sahələrdəki yanğınların sayı ötən ilin müvafiq dövrünə nisbətən az olmuşdur”.
Müəllif: Fatimə Əliyeva