“Boşanmaq cəsarət deyil, bəzən məcburiyyətdir”


Boşanmaq – bir zamanlar ailə institutuna ən böyük təhlükə sayılırdı, insanlar ailələrini qorumaq üçün son ana qədər mübarizə aparır, “ayıb olar” qorxusu ilə dözürdülər. Amma indi mənzərə dəyişib. Cəmiyyət dəyişdikcə ailə institutunun qəbul etdiyi “normalar” da dəyişir.

“Müasir dövrdə qadınlar boşanmaqdan qorxmurlar. O bildirir ki, bu gün boşanma faktları təkcə artmır, həm də ictimai qınaq obyekti olmadan qəbul edilir. Əgər kiminsə boşanmadan qorxduğunu iddia edən varsa, qoy statistikaya baxsın. Bu qorxu anlayışı 10-15 il əvvəldə qaldı. İndi insanlar ailəni dağıtmaqdan çəkinmir, boşanmaq isə artıq “ayıb” deyil, bəzən hətta çıxış yolu kimi görsənir”. Bunu SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, iki hal var ki, bu hallarda boşanmanı tam haqlı saymaq olar: zorakılıq və xəyanət. Hər iki faktor ailənin təməlini sarsıdır və birgəyaşayışı mənasız edir.

“Zorakılıq varsa, orda artıq məhrəmlik, hörmət, sevgi anlayışı bitmiş sayılır. Fiziki, psixoloji və ya iqtisadi – zorakılığın forması fərq etməz. Hər bir halda bu, ailəni içindən çürüdür”, – deyə sosioloq vurğulayır.

İkinci əsas səbəb isə xəyanətdir. Mehralıya görə, kimliyindən asılı olmayaraq qadın və ya kişi xəyanət edən tərəf ailənin dağılmasına görə məsuliyyət daşıyır: “Xəyanət, istər emosional, istər fiziki olsun, bağışlanmalı səbəb deyil. Bu, münasibətə olan inamın sarsılmasına, etibarın itməsinə və birlikdə yaşamağın mümkünsüz olmasına səbəb olur”.

Amma məsələ təkcə bu deyil. Sosioloqu narahat edən daha bir məqam var: bu gün cütlüklər çox zaman olduqca bəsit səbəblərlə boşanma qərarı verir. Əsaslı təməl olmadan ailələrin dağılması artıq adi hal alıb.

“İndi insanlar kiçik anlaşılmazlıqlara, gündəlik həyatın xırda çətinliklərinə görə boşanma yolunu seçirlər. Və bu da boşanma statistikasını şişirdir. Bu templə davam etsə, bir neçə ilə ölkədə sağlam ailə modeli nümunə kimi göstəriləcək qədər az qala bilər”, – deyə Lalə Mehralı xəbərdarlıq edir.

Boşanma hər nə qədər şəxsi qərar olsa da, cəmiyyətin ümumi mənzərəsinə təsir edən sosial prosesdir. Bu səbəbdən də səbəblərin kökünə enmək, ailələrin niyə dağılmasının arxasında duran real səbəbləri araşdırmaq zəruridir.

Müəllif: Fatimə Əliyeva

Əlaqəli Xəbərlər