“Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində tədbir keçirildi


“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin sosial adaptasiyası” adlı layihə çərçivəsində növbəti ictimai tədbir baş tutub.

Tədbiri giriş sözü ilə “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri Ruhin Cəfərov açıq elan edib. O, çıxışında əlilliyi olan şəxslərin cəmiyyətə bərabər şəkildə inteqrasiyasının vacibliyini vurğulayıb və bu layihənin məqsədinin məhz bu prosesi dəstəkləmək olduğunu qeyd edib.

Tədbirdə bir sıra tanınmış şəxslər çıxış ediblər. Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova reabilitasiya və məşğulluq imkanları ilə bağlı məlumat verib. İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, QHT.AZ xəbər agentliyinin rəhbəri Cəsarət Hüseynzadə ictimai rəyin formalaşmasında medianın rolundan danışıb. Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov inklüzivlik sahəsindəki şəxsi təcrübələrini bölüşüb və cəmiyyətin yanaşma tərzinin dəyişməsinin vacibliyini vurğulayıb. İctimai Televiziyanın əməkdaşı, fəal gənc Orxan Əliyev əlilliyi olan şəxslərin səsi olmaq üçün medianın daha aktiv rol oynamalı olduğunu bildirib. Inclusive Organization Company-nin təsisçisi və rəhbəri İbrahim Məmmədov isə öz təşkilatının həyata keçirdiyi inklüziv layihələr barədə danışıb.

Tədbirin sonunda layihədə fəal iştirak edən iştirakçılara və tərəfdaşlara sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında ünsiyyət və fikir mübadiləsi üçün coffee break təşkil edilib. Bu tədbir, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq edən praktiki addımların atılması və bu mövzuda ictimaiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Əlaqəli Xəbərlər