Kənd Təsərrfütaı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri Xankəndi şəhərində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparıb. SİA bu barədə AXA-ya istinadən xəbər verir.
Məlumata görə, monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib:
“Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən əkin sahələrində və meşə zolaqlarında zərərli orqanizmlərə qarşı mütəmadi olaraq monitorinqlər və mübarizə tədbirləri həyata keçirilir.