Mətləb Salahov: “Artıq Azərbaycan Suriyanın yenidən dirçəldilməsində və dövlət kimi ayağa qalxmasında mühüm rol oynamağa başlayıb”
“Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixrac olunması, ilk əvvəl Azərbaycanın dövlət kimi artıq bölgənin güclü ölkəsi statusundan dünya siyasətində və enerji sektorunda önəmli aktora çevrildiyini göstərir. Bu proses həmçinin rəsmi Bakının Yaxın Şərq regionunda artan rolunun təzahürüdür. Mən əminəm ki, bu günkü hadisədən sonra Ermənistandakılarda – hakimiyyətindən müxalifətinə qədər – artıqYaxın Şərqdəki ciddi enerji aktoruna çevrilən Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolunun olmadığına əməlli-başlı əminlik yaranacaq.”
Bu barədə jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın Yaxın Şərqdəki uğurlu xarici siyasəti də Prezident İlham Əliyevin düşünülmüş qərarlarına əsaslanır. M.Salahov diqqətə çatdırıb ki, artıq Azərbaycan Suriyanın yenidən dirçəldilməsində və dövlət kimi ayağa qalxmasında mühüm rol oynamağa başlayıb.
“Diqqət edək: Azərbaycan qazı sayəsində Suriyada elektrik enerjisi istehsalı ikiqat artacaq ki, bu da ölkənin bərpası üçün güclü təkan olacaq. Əsasən də əhalinin rifahı yaxşılaşacaq, iş yerləri yenidən açılacaq.
Azərbaycan böhranlı bölgələrdə problemlərin aradan qaldırılmasına həssaslığın və töhfənin əsl nümunəsidir. Bu, həmçinin qısa zamanda Azərbaycan qazının tədarük olunmağa başladığı Suriyada bir daha özünü büruzə verir. Bunu Suriya xalqı üçün tarixi dəstək aktı kimi qiymətləndirmək lazımdır.
Çünki bu gün Suriyada illərdir davam edən münaqişədən sonra infrastrukturun bərpası və iqtisadi sabitliyin təmin edilməsi prioritet məsələdir. Azərbaycanın bu mərhələdə iştirakı, eyni zamanda enerji geosiyasətində yeni balans nöqtələri yaradır. Azərbaycan Cənubi Qafqazdan Yaxın Şərqə enerji investisiyası edən ilk ölkələrdən biri kimi, regiondaxili və regionlararası enerji əməkdaşlığının təşəbbüskarına çevrilir. Bu məqam, olduqca önəmli faktordur”.