“Azərbaycanın regional iqtisadi layihələrdə rolu artacaq”


“Azərbaycan-Suriya əməkdaşlığı, xüsusilə də enerji və yenidənqurma sahəsində irəli sürülən təşəbbüslər, ölkəmizin Yaxın Şərq siyasətində yeni imkanlar və eyni zamanda ciddi strateji çağırışlar doğurur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq fonunda Azərbaycan ilk dəfə olaraq Yaxın Şərqdə münaqişədən sonrakı bərpa proseslərinə bilavasitə dəstək verən və həm iqtisadi, həm də diplomatik imkanlarını səfərbər edən aktora çevrilir: “İlk növbədə, Azərbaycan bu əməkdaşlıq vasitəsilə regionda yumşaq gücünü artırır. Suriyanın bərpasına dəstək vermək, orada humanitar və infrastruktur layihələrində iştirak etmək, bu ölkənin iqtisadi dirçəlişinə töhfə vermək Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir. Bu həm də Prezident İlham Əliyevin balanslı xarici siyasətinin nəticəsidir. Azərbaycan burada nə geosiyasi qarşıdurmalarda tərəf tutur, nə də hansısa regional bloklara daxil olur – əksinə, praqmatik və tərəfdaşlıq əsaslı siyasət yürüdür. Eyni zamanda, bu əməkdaşlıq Yaxın Şərqdəki digər ölkələrlə – o cümlədən İordaniya, Misir, İraq və Səudiyyə Ərəbistanı ilə də yeni əməkdaşlıq imkanlarının açılmasına səbəb ola bilər. Azərbaycan enerji, logistika, kənd təsərrüfatı və tikinti sahəsində bu ölkələrlə birgə layihələr həyata keçirə bilər. Bu isə Azərbaycanın regional iqtisadi layihələrdə rolunu daha da artıracaq. Lakin bu istiqamətdə çağırışlar da mövcuddur. Yaxın Şərq regionu geosiyasi baxımdan həssas və çoxqütblü maraqların toqquşduğu məkandır. Azərbaycanın burada aktiv iştirakı, xüsusilə Suriyada müəyyən təşəbbüslərlə çıxış etməsi, bəzi regional güclər tərəfindən diqqətlə izlənəcək. Bu səbəbdən Azərbaycan balansı qorumaqla, müstəqil və neytral mövqeyini saxlayaraq öz milli maraqlarını irəli aparmalıdır.

Nəticə etibarilə, Azərbaycan-Suriya əməkdaşlığı yalnız ikitərəfli əlaqə kimi deyil, Azərbaycanın Yaxın Şərqdə mövqeyinin möhkəmlənməsi, yeni diplomatik və iqtisadi cəbhələrin açılması baxımından strateji önəm daşıyır.

Əlaqəli Xəbərlər