Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. SİA xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib. “Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını, sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, – məlumatda qeyd olunub. Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ zamanı sunami yaranmışdı.