Gənclər ölkədən niyə köçür? – İşsizlik, əməkhaqqı və gələcək narahatlığı


“Azərbaycanda gənclərin xaricə üz tutmasının arxasında bir sıra səbəblər dayanır”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı danışıb.

Onun sözlərinə görə, əsas səbəblərdən biri ölkədə işsizlik və uyğun iş tapmağın çətinliyidir: “Bəzən insanlar ölkədə iş tapa bilmədiyi üçün deyil, daha yaxşı şərtlərlə işləmək üçün xaricə üz tuturlar. Yaxşı mütəxəssis olan gənclər xaricdə daha yüksək maaş və daha yaxşı əmək şəraiti əldə edə biləcəklərini bildikləri üçün bu yolu seçirlər. Bu isə ölkəmiz üçün ciddi bir problemdir”.

Elçin Bayramlının fikrincə, bu problemin həlli üçün ölkədə sağlam iqtisadi və biznes mühiti yaradılmalıdır: “İş yerləri artırılmalı, insanlar öz sahələrinə uyğun işlə təmin olunmalıdır. Yaxşı mütəxəssis ölkədə yüksək əməkhaqqı ilə işləyə bilsə, xaricə getməyə ehtiyac qalmaz. Beyin axını dediyimiz proses məhsuldar əmək qüvvəsinin itirilməsidir. Bu da ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır”.

Sosioloq həmçinin vurğulayıb ki, xaricə gedənlərin əksəriyyəti kişilərdir və bu da gələcəkdə ailə qurmaq məsələsində balanssızlığa səbəb ola bilər: “Bu proses təkcə iqtisadi yox, sosial problemə də çevrilir. Dövlət səviyyəsində bu istiqamətdə xüsusi proqramlar qəbul olunmalı, elə bir mühit yaradılmalıdır ki, gənclər öz arzularını, istedadlarını reallaşdırmaq üçün ölkədən getməyə məcbur olmasınlar”.

Bayramlı qeyd edib ki, son 35 ildə ölkədən davamlı beyin axını baş verir və ən çox itki 1990-cı illərdə müşahidə olunub: “Həmin dövrdə çox sayda alim və ixtisaslı kadr ölkəni tərk etdi. Əmək bazarında sıravi işçi tapmaq nisbətən asandır, lakin ixtisaslı texnik, mütəxəssis və istedadlı şəxslərin yetişməsi daha çətindir. Ona görə də bu kateqoriyaya daxil olan şəxsləri itirməməliyik”.

Əlaqəli Xəbərlər