“İnsulin dirənci uşaqlar və yeniyetmələr arasında sürətlə artır”


“Son illər ölkədə insulin dirəncindən əziyyət çəkənlərin sayı kəskin şəkildə artıb”. Bu barədə SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova məlumat verib.

Onun sözlərinə görə, problem təkcə böyüklərlə məhdudlaşmır, hədəf qrupu daha çox uşaqlar və yeniyetmələrdir: “Son 5 ildə insulin dirənci ilə bağlı müraciət edənlərin sayı artıb. Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu hal daha geniş yayılıb. Bunun bir çox səbəbi var: xaricdən gətirilmiş ətlər, onlardan hazırlanan hazır qidalar, “fast-food”lar və zəhərli qazlı içkilər insulin dirəncini aktivləşdirir”.

Dietoloq bildirir ki, bu vəziyyət yalnız düzgün qidalanmamaqla bağlı deyil, eyni zamanda yaşam tərzi və rejimin pozulması ilə də əlaqədardır. O, xüsusilə böyük şəhərlərdə çalışan iş adamları və ofis işçiləri arasında da insulin dirəncinin yayılmasından narahatlıq ifadə edib: “Bəzi şəxslər gün ərzində – səhər və günorta yeməklərini ötürür, lakin axşam saatlarında qəfil iştah artımı yaşayaraq normadan artıq qidalanırlar. Bu da bədənə əlavə yük və insulin balanssızlığı yaradır”.

Ləman Süleymanovanın sözlərinə görə, şagirdlər və abituriyentlər arasında da bu problem özünü göstərir: “Bəzən uşaq səhərdən axşama qədər dərsdə olur, çox yüklənir. Gün ərzində hazır qidalarla kifayətlənir, axşam isə evdə yenidən yemək yeyir. Düzgün qidalanmayan bir çox insanda insulin dirənci müşahidə olunur”.

Mütəxəssis bu halların hormonal pozuntular və II tip şəkərli diabetə səbəb ola biləcəyini deyir və uşaq yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayır.

Müəllif: Fatimə Əliyeva

Əlaqəli Xəbərlər