“Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif sahələrində çalışan hərbçilər yüksək qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, xüsusilə də Azərbaycan Hərbi Dəniz Donanmasının xüsusi təyinatlıları bu müharibədə misilsiz şücaət göstərərək öz vəzifələrinin öhdəsindən böyük fədakarlıqla gəldilər: “Onların yüksək döyüş qabiliyyəti, taktiki hazırlığı və vətənpərvərlik ruhu ölkənin dəniz təhlükəsizliyinin təminində mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərbi dəniz qüvvələrinin inkişafını və müasirləşməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Məhz onun rəhbərliyi ilə son illərdə Azərbaycan Hərbi Dəniz Donanmasının texniki və maddi-texniki bazası gücləndirilib, döyüş gəmiləri və hərbi dəniz avadanlıqları müasir standartlara cavab verən səviyyəyə çatdırılıb.
Hazırda Azərbaycan Hərbi Dəniz Donanması Xəzər dənizində keçirilən beynəlxalq hərbi təlimlərdə mütəmadi olaraq iştirak edir. Bu təlimlər zamanı heyətin yüksək səviyyəli döyüş hazırlığı və taktiki bacarıqları nümayiş olunur. Dənizçilərimiz beynəlxalq mühitdə də öz bilik və bacarıqlarını sübut edərək regionda sülh və sabitliyin qorunmasına töhfə verirlər.
Donanma heyəti daim yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Onlar öz fiziki və nəzəri hazırlıqlarını artırmaq üçün mütəmadi olaraq təlimlərdə və praktiki məşğələlərdə iştirak edirlər. Xüsusilə qardaş Türkiyənin Hərbi Dəniz Donanması ilə birgə keçirilən təlimlər təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq hər iki ölkənin hərbi dəniz qüvvələrinin inteqrasiya səviyyəsini artırmaqla yanaşı, regionun təhlükəsizliyinə də mühüm töhfə verir.
Bu gün Azərbaycanın Hərbi Dəniz Donanması həm müasir döyüş gəmiləri, həm də intellektual və texniki cəhətdən hazırlıqlı heyətlə təchiz olunub. Donanma qarşıya qoyulan hərbi tapşırıqları icra etməyə tam hazır və qadirdir”.
Eyni zamanda o qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyində Hərbi Dəniz Donanmasının rolu xüsusilə önəmlidir. Bildiyimiz kimi, ölkənin əsas enerji mənbəyi olan neft ehtiyatları məhz Xəzər dənizində yerləşən yataqlardan çıxarılır. Bu baxımdan, Azərbaycanın neft-qaz infrastrukturu və dəniz sərhədlərinin qorunması donanmanın qarşısında duran əsas vəzifələrdəndir. Donanma Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq edərək dəniz ərazilərimizin təhlükəsizliyini təmin edir, təxribat və qanunsuz fəaliyyətlərin qarşısının alınmasında aktiv rol oynayır.
Azərbaycanın Hərbi Dəniz Donanması artıq yalnız regional deyil, beynəlxalq arenada da öz gücünü, çevikliyini və peşəkarlığını nümayiş etdirir. Bu gün donanma heyəti ən son texnologiyalarla təchiz olunmuş döyüş gəmilərində xidmət edir. Gənc, yüksək təhsilli, intellektual səviyyəsi və vətənpərvərlik ruhu ilə seçilən hərbi qulluqçular Azərbaycanın suverenliyinin, dəniz sərhədlərinin və enerji təhlükəsizliyinin təminatında qürurla xidmət edirlər.