“Qarabağda turizm də sürətlə inkişaf etdirilir”


“Qarabağ işğaldan azad edildikdən dərhal sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələ Böyük Qayıdış prosesinin sürətləndirilməsi oldu. Ona görə “başladılması” yox, məhz “sürətləndirilməsi” deyirəm ki, Qarabağa qayıdış 44 günlük Vətən müharibəsindən bir neçə il əvvəl – 2016-cı ildə həyata keçirilmiş Aprel Döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə köçlə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyi azad edildi, bundan sonra Cocuq Mərcanlı kəndini ermənilərin davamlı atəş altında saxlamasına son qoyuldu. Bunun ardınca Cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladı. İlkin olaraq 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Ərazi minalardan təmizləndi, ordumuz, güc strukturlarımız tərəfindən bütün təhlükəsizlik tədbirləri həyata keçirildi, qısa müddət ərzində Cocuq Mərcanlı sakinləri kəndlərinə köçürüldülər. Yəni Qayıdış o zamandan start götürmüşdü. 44 günlük Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə sürətli bərpa, quruculuq işlərinə start verildi.

19 iyul 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyası ilə salınan yaşayış məntəqəsinə köçürülmə həyata keçirildi, 30 ilə yaxın həsrətdən sonra insanlarımız öz doğma yurdlarına qayıtdılar. Daha sonra Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocavənddə mərhələli şəkildə məskunlaşma həyata keçirilməyə başladı. 2023-cü ilin sentyabrında Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavəndin bir hissəsində keçirilən 1 günlük antiterror əməliyyatları ilə buradakı separatçı rejimin qalıqları məhv edildi və bildiyimiz proseslər baş verdi.

Dərhal da Xankəndi, Xocalıda abadlıq, bərpa işləri aparıldı. Tez bir zamanda Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başladı, ardınca Xocalı sakinlərinin də öz doğma yurd-yuvasına qaytarılmasına start verildi.

Son məlumata görə bugünədək Qarabağa 4000 minə yaxın ailə köçürülüb. Ümumilkdə Qarabağda məskunlaşan (yəni həm ailələr, həm burada müxtəlif işlərdə işləməyə gələn, o cümlədən Qarabağ universitetinin tələbə-müəllim heyəti ilə birlikdə) əhalinin sayı 40 min nəfərdən çoxdur.

Vurğulayım ki, mən 2024-cü ilin payızında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş “Qürur dolu qayıdış” adlı (https://youtu.be/fP6HiWdH5mY) qısametrajlı film çəkmişəm. Film çəkilişi zamanı demək olar ki, bütün Qarabağda qayıdış prosesini, bölgənin necə canlanmasını, təhlükəsizliyin necə yüksək səviyyədə təşkilini müşahidə etmişik və bunlar filmdə əksini tapıb. Eyni zamanda artıq 2 ildir Qarabağda turizm də sürətlə inkişaf etdirilir, xeyli adam istirahət, ziyarət üçün bura üz tutur. İnsanların daha rahat gediş-gəlişi üçün işğaldan azad edilmiş ərazilərə buraxılış-icazəni artıq dəqiqələr içərisində e-polis sistemi üzərindən də həyata keçirmək olur.

Qarabağda insanların təhlükəsiz yaşaması, ziyarəti üçün bütün zəruri addımlar atılıb və atılmaqda davam edir. Polis, ordu üzərinə düşən bütün işləri layiqincə görür. Qarabağda təhlükəsizliklə bağlı narahatedici bir məqam ermənilərin xislətlərinə uyğun “miras” qoyub getdiyi və davam edən mina terrorudur. Əlbəttə, məskunlaşma həyata keçirilən ərazilərdə mina təhlükəsi tam aradan qaldırılıb. Digər ərazilərdə isə sürətlə bu proses həyata keçirilir. Hesab edirəm dünyanın müvafiq təşkilatları bu prosesə böyük dəstək verməlidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər